AFFA ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Report" xəbər verir ki, məqsəd qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə verməkdir.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər AFFA vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır.
Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.
Bu əməkdaşlıq AFFA-nın futbol təhsili sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş strategiyasının bir hissəsidir. AFFA bununla ölkədə bu institutla əməkdaşlıq quran ilk idman federasiyası olub.
Qeyd edək ki, Yohan Kroyff İnstitutu idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik sahələrində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. 1999-cu ildən fəaliyyət göstərən institut hazırda 90-dan çox proqram təqdim edir və 11 mindən artıq məzunu ilə geniş qlobal şəbəkəyə malikdir.