ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri Nuuk şəhərinə gedib.
"Report"un məlumata görə, bu barədə yerli media xəbər yayıb.
Luiziana qubernatoru vəzifəsini də icra edən Lendri əvvəllər Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə verilməsi təklifini dəstəkləmişdi. Bu mövqe, adanın satılmadığını dəfələrlə bildirən Qrenlandiya və Danimarka hakimiyyət orqanlarının sərt müqaviməti ilə qarşılaşdı.
Lendrinin 19-20 may tarixlərində keçiriləcək adanın gələciyi ilə bağlı biznes konfransda iştirak etməsi gözlənilir. Ona ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri də qoşulacaq. Konfrans təşkilatçıları xüsusi nümayəndəyə şəxsi dəvət göndərmədiklərini, lakin tədbirin qeydiyyatının açıq olduğunu bildirib.
ABŞ-nin Kopenhagendəki səfirliyi əvvəllər Lendri və Houerin tərəflər arasında iqtisadi imkanlar, humanitar əlaqələr və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün geniş Qrenlandiya nümayəndələri ilə görüşmək niyyətində olduqlarını açıqlamışdı.