Tayvanda tələbə sığorta şirkətindən pul almaq üçün 10 saat quru buz vedrəsində oturub və ayaqlarını itirib. Bu barədə Daily Mail məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 24 yaşlı kişi ayaqlarında şiddətli donma diaqnozu ilə xəstəxanaya müraciət edib. Zərərçəkən skuterdən yıxılaraq xəsarət aldığını və hərəkətsiz yatarkən çox soyuq olduğunu bildirib.
Lakin Tayvan Cinayət Axtarış Bürosu tələbənin özünə xəsarət yetirdiyini müəyyən edib. 1,2 milyon dollar sığorta ödənişi almaq üçün gənc oğlan ayaqlarını quru buz vedrəsinə salıb və 10 saat orada oturub. Həkimlər onun ayaqlarını amputasiya etməli olublar.
Hadisədən əvvəlki həftələrdə Tayvan sakini müxtəlif şirkətlərlə 14 sığorta müqaviləsi bağlayıb və aldığı xəsarətdən sonra səkkiz sığorta iddiası qaldırıb. Onun evinə baxış zamanı kisələrdə quru buz və vedrə aşkar edilib.