Tokionun Haneda hava limanında hava hərəkətinin idarəetmə sistemində baş verən nasazlıq reyslərin gecikməsinə və ləğvinə gətirib çıxarıb.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatında deyilir.
Qurumun məlumatına görə, səhər saat 7:15-də (Bakı vaxtı ilə saat 02:15-də) baş verən nasazlıqlar Haneda hava limanından ölkənin digər hava limanlarına reys cədvəlinin ötürülməsinə mane olub.
"Sistem təxminən 15 dəqiqə sonra bərpa olunsa da, nasazlıq Haneda və digər hava limanlarında bir çox reysin cədvəlinin pozulmasına səbəb olub", - məlumatda deyilir.
Qeyd olunur ki, səhər saat 10:00-a (Bakı vaxtı ilə saat 05:00) olan vəziyyətə görə, "All Nippon Airways" aviaşirkəti əsasən Haneda hava limanına və əks istiqamətə 30 daxili reysi, "Japan Airlines" isə 53 reysi ləğv edib.
Aviaşirkətlərin məlumatına görə, reyslərin ləğvi təxminən 14 min nəfərə təsir edib.