IMG-LOGO

Azərbaycan Mərkəzi Asiya ölkələrinə qeyri-neft-qaz ixracını 5 %-dən çox artırıb

18 Feb 2026 13:51 3 baxış
IMG

2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələrinə qeyri-neft-qaz ixracının ümumi dəyəri 2024-cü illə müqayisədə 5 %-dən çox artım nümayiş etdirib.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə həm ticarət, həm də investisiya sahəsində davamlı artım dinamikası regionda iqtisadi inteqrasiyanı gücləndirib: "Bu da Azərbaycanın regional iqtisadi əməkdaşlıq sistemində rolunun artdığını göstərir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ümumi dəyəri 53 % artaraq 1,8 milyard ABŞ dollarına çatıb. Bunun əsas hissəsini Mərkəzi Asiyadan idxal olunan məhsullar təşkil edir. Azərbaycan məhsulları əsasən Qazaxıstan və Özbəkistan bazarlarına çıxır".

Şöbə müdiri vurğulayıb ki, 2025-ci ilin 9 ayında Mərkəzi Asiya ölkələrinin Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarında 1 il əvvələ nisbətən artım müşahidə olunub: "Xüsusilə Qazaxıstan və Qırğızıstan bu sahədə daha böyük paya malik olub. Onların Azərbaycana ümumi investisiya qoyuluşu illik müqayisədə 2,6 dəfə artaraq 30,2 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 9 ayda Mərkəzi Asiya ölkələrinə 41,7 milyon ABŞ dolları birbaşa xarici investisiya qoyub".

Xəbər lenti