IMG-LOGO

Deputat: Siyasi şəxslər tolerantlığı, multikulturalizmi aşılamalıdır

20 Apr 2026 19:55 8 baxış
IMG

Rəsmi şəxsin, bir qrup əhalinin, partiyanın parlament təmsilçisinin irqçi fikirlər səsləndirməsi doğru deyil.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, münaqişə ocaqlarından Avropaya pənah gətirən qaçqınların taleyi göz qabağındadır. Bu insanlar xarici müdaxilələr, müharibə, aclıq və s. səbəbilə öz ölkələrindən köç ediblər:

"İnsanlar çətin müharibə şəraitinə dözməyərək Avropaya üz tuturlar. Orada isə irqçilik, ksenofobiya, islamafobiya ilə rastlaşırlar. Bəzi şəxslər isə öz ölkələrində ayrı-seçkilik olduğunu hətta təsdiq edirlər. Bu, hesab edirəm ki, aparılan siyasi kursdan asılıdır. Qanunlar, qaydalar, hətta mənəvi dəyərlər diskriminativ olmamalıdır. Dini dözümsüzlük də diskriminasiyanın bir növüdür, bu da insan hüquqlarının pozulması deməkdir. Eyni zamanda, tolerantlığa, BMT-nin İnsan Hüquqları üzrə Bəyannaməsinə də ziddir".

Deputatın fikrincə, siyasi şəxslər tolerantlığı, multikulturalizmi aşılamalıdır: "Miqrasiya siyasəti ilə bağlı bəzi neqativ halları dinlərə bağlamaq doğru deyil. İnsanlara qarşı ayrı-seçkilik qanunla qadağan olunmalıdır. Multikulturalizmin və tolerantlığın vətəni olan ölkəmiz və Azərbaycan xalqı bütün dinlərə, irqlərə və mədəniyyətlərə hörmətlə yanaşır və müxtəlif etnik mənsubiyyəti olan insanların Konstitusion hüquqları dövlət tərəfindən qorunur".

Qeyd edək ki, fransalı deputat, "Milli Birlik" partiyasının nümayəndəsi Jülyen Odul islamofobiya konsepsiyasını qəbul etmədiyini və İslama qarşı mənfi münasibəti yolverilən hesab etdiyini bildirib.

Xəbər lenti