2006-cı ildə Ermənistanın o vaxtkı müdafiə naziri Serj Sarqsyanla torpaq sahəsinin alınmasına dair sövdələşmə bağlamış qapalı səhmdar cəmiyyətindən dövlətin xeyrinə təxminən 79 milyon dram (təqribən 205 min dollar) müsadirə olunacaq.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası Baş Prokurorluğa istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistan Antikorrupsiya Məhkəməsi hələ 2026-cı il fevralın 27-də Baş Prokurorluğun Dövlət Maraqlarının Müdafiəsi Departamentinin növbəti vəsatətini təmin edib.
"Qəbul edilmiş qərarla İrəvan şəhərinin Malatiya-Sebastiya rayonunda Admiral İsakov prospektində yerləşən 0,17 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız sayılıb. Müqavilə 2006-cı il martın 3-də Ermənistanın müdafiə naziri Serj Sarqsyanla qapalı səhmdar cəmiyyət arasında imzalanmışdı", - məlumatda deyilir.
Nəşrlər qeyd edir ki, dövlət maraqlarının müdafiəsi üzrə iddia ilə bağlı qərar qanuni qüvvəyə minib və icra vərəqəsi verilib.
"Müqavilənin etibarsızlığı nəticəsində torpaq sahəsinin qaytarılmasının mümkün olmamasını nəzərə alaraq, torpaq sahəsinin dəyəri – yəni 78,86 milyon dram qapalı səhmdar cəmiyyətindən Ermənistan Respublikasının xeyrinə tutulacaq", - məlumatda bildirilib.