Bu il Türkiyənin Mədəniyyət Marşrutu Festivalları ən geniş coğrafiyanı əhatə edərək 26 şəhərdə keçiriləcək.
"Report" xəbər verir ki, aylarla davam edən bu silsilə tədbirlər həm yerli, həm də xarici auditoriyanı ölkənin mədəni irsi ilə daha yaxından tanış edəcək, onları fərqli bir mədəni səyahətə çıxaracaq.
Bu ilki proqram çərçivəsində Şanlıurfa, Aydın, Mersin, Eskişehir, Manisa, Trabzon, Samsun, Bursa, Sakarya, Van, Konya, Nevşehir, Malatya, Erzurum, Ordu, Çanakkale, Kayseri, Kahramanmaraş, Ankara, İstanbul, Qaziantep, Diyarbakır, Mardin, İzmir, Antalya və Adana şəhərlərində müxtəlif tədbirlər keçiriləcək. 2026 təqviminə ilk dəfə daxil edilən şəhərlər isə Aydın, Eskişehir, Kahramanmaraş, Mersin, Ordu və Sakaryadır.
Builki buraxılış aprelin 25-də Şanlıurfada start götürəcək, noyabrın 15-də isə Adanada yekunlaşacaq. Bu geniş marşrut boyunca minlərlə tədbir keçiriləcək. Konsertlər, sərgilər, teatr tamaşaları, opera, müzakirələr və müxtəlif ustad dərsləri aylar ərzində Türkiyəni böyük bir mədəniyyət səhnəsinə çevirəcək.
Festival proqramında uşaqlara yönəlmiş tədbirlər də xüsusi yer tutur. Müxtəlif yaradıcılıq emalatxanaları, səhnə çıxışları, açıq hava oyun zonaları və maarifləndirici proqramlar vasitəsilə uşaqların incəsənətlə erkən yaşlardan tanışlığı təşviq olunacaq.
Bu ilin proqramının əsas yeniliklərindən biri də qastronomiya istiqamətində təqdim olunan təşəbbüslərdir. Festivalın keçirildiyi hər bir şəhərdə kulinariya irsini daha dəqiq və autentik şəkildə təqdim etmək məqsədilə mütəxəssislərdən ibarət məsləhət şuraları yaradılacaq. Bu şuralar şəhərlərin əsas kulinariya məkanlarını müəyyənləşdirəcək, eyni zamanda hər bölgənin özünəməxsus dadlarını ön plana çıxararaq xüsusi qastronomik marşrutlar formalaşdıracaq.
Bununla yanaşı, hər vilayət üzrə "şəhər şefi" təyin ediləcək. Bu şeflər tədbir proqramının qastronomiya hissəsinin hazırlanmasına rəhbərlik edəcək və yerli mətbəxin tanıdılmasına töhfə verəcəklər. Belə yanaşma regional mətbəx mədəniyyətinin daha sistemli və təsirli şəkildə təqdim olunmasına imkan yaradacaq. Ziyarətçilər üçün isə ustad dərsləri, dadım tədbirləri və xüsusi hazırlanmış kulinariya marşrutları vasitəsilə daha interaktiv və yadda qalan təcrübələr təqdim ediləcək.
Gələcək planlara görə, festivalın coğrafiyası daha da genişlənəcək. 2027-ci ildə Balıkesir, Denizli, Hatay, Kocaeli, Muğla və Tekirdağın da proqrama daxil edilməsi ilə şəhərlərin sayı 32-yə çatdırılacaq.
Xatırladaq ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin əsası 2021-ci ildə Beyoğlu Mədəniyyət Marşrutu Festivalı ilə qoyulub. Qısa müddətdə ölkə üzrə sürətlə genişlənən festival 2025-ci ildə artıq 20 şəhəri əhatə edərək 9 645 tədbir, 50 mindən çox sənətçi və ümumilikdə 180 günlük proqramla yadda qalıb. 2026 mövsümü isə miqyas baxımından yeni rekord vəd edir: festivalın müddəti 234 günə çatdırılır və tədbirlər 26 bölgəni əhatə edəcək.

