İslandiya uzun müddət ağcaqanadların olmadığı yeganə Arktika ölkəsi idi. Lakin 2025-ci ildə ilk dəfə Reykyavikin şimalında bu həşəratlar qeydə alınıb. Alimlərin fikrincə, bu, regionda genişmiqyaslı ekoloji dəyişikliklərin əlamətidir.
Lent.az xəbər verir ki, tədqiqat “Science” jurnalında dərc olunub.
Arktika planetin qalan hissəsi ilə müqayisədə təxminən dörd dəfə daha sürətlə istiləşir. Bu isə bir çox növlərin yaşayış şəraitini dəyişir, belə ki, qarın daha erkən əriməsi, yay mövsümünün uzanması və yanğınlar kimi təbii pozuntuların artması həşəratların yayılması üçün əlverişli mühit yaradır.
Ağcaqanadlar yalnız nümunələrdən biridir. Arktikada ekosistemlərdə mühüm rol oynayan çoxsaylı buğumayaqlılar (o cümlədən hörümçəklər və həşəratlar) yaşayır: onlar bitkiləri tozlandırır, üzvi maddələrin parçalanmasında iştirak edir və heyvanlar üçün qida rolunu oynayır. Eyni zamanda, bu cür orqanizmlər mühit dəyişikliklərinə son dərəcə həssasdır və iqlim proseslərinin indikatorları kimi çıxış edə bilər.
Alimlər bildirirlər ki, dəyişikliklər artıq heyvanlara təsir göstərir. Məsələn, Arktika quşlarında balaların yumurtadan çıxması ilə onların qidalandığı həşəratların meydana çıxması arasında sinxronluq pozulur. Şimal maralları və karibu isə parazitlərin və qansoran həşəratların sayının artması ilə üzləşir ki, bu da onların fiziki vəziyyətini və çoxalma göstəricilərini zəiflədir.
Tundranın bitki örtüyünü məhv edə biləcək zərərverici həşəratların kütləvi artımı da əlavə təhlükə yaradır. Bu, maddələrin dövranına, səthin əks etdirmə qabiliyyətinə və torpaq temperaturuna təsir edir ki, nəticədə də əbədi buzlaqların əriməsinin və istixana qazlarının buraxılmasının sürətləndirilməsinə gətirib çıxarır.
Regionda insan fəaliyyətinin artması, yəni, gəmiçiliyin, turizmin və infrastrukturun inkişafı vəziyyəti daha da ağırlaşdırır və növlərin yayılması üçün yeni yollar açır. Tədqiqatçıların fikrincə, İslandiyada ağcaqanadların meydana çıxması yalnız başlanğıcdır.
Bununla belə, Arktikada buğumayaqlılar üzrə sistemli monitorinq faktiki olaraq mövcud deyil. Alimlər vurğulayırlar ki, koordinasiya olunmuş beynəlxalq müşahidələr olmadan dəyişikliklərin miqyasını qiymətləndirmək və təhlükələrə, o cümlədən xəstəliklərin yayılmasına vaxtında reaksiya vermək mümkün deyil.
Mümkün həll yolu kimi Arktika Şurası və onun biomüxtəlifliyin monitorinqi proqramı çərçivəsində vahid müşahidə sisteminin yaradılması nəzərdən keçirilir. Bu prosesdə artıq təbiətdə baş verən dəyişiklikləri qeydə alan yerli icmaların da mühüm rol oynayacağı qeyd olunur.
Tədqiqatçılar hesab edirlər ki, ağcaqanadların meydana çıxması sadəcə maraqlı fakt deyil, daha dərin proseslərin siqnalıdır. Onların sözlərinə görə, problem artıq yeni dəyişikliklərin baş verib-verməyəcəyində deyil, onların vaxtında aşkar olunub nəticələrinin qarşısının alınıb-alınmayacağındadır. (Azərtac)
ağcaqanad İslandiya