Müasir tanışlıq dünyasında yeni sosial gərginlik yaranıb. Süni intellektdən istifadə, xüsusilə də ChatGPT vasitəsilə tanışlıq tətbiqlərində bio yazmaq, mübahisələr zamanı məsləhət almaq və ya gündəlik ünsiyyət üçün hazır cavablar əldə etmək artıq rahatlıqdan çox narahatedici siqnal kimi qəbul olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tanışlıq tətbiqlərindən istifadə edən bir çox insan üçün qarşı tərəfin süni intellektdən istifadəni etiraf etməsi ünsiyyətin dərhal bitməsi üçün səbəbə çevrilir. 30 yaşlı qadın bildirib ki, o, sadəcə profilində bu barədə qeyd gördüyü üçün bir kişini dərhal silib.
Onun sözlərinə görə, “əgər insan müstəqil düşünə bilmirsə, münasibətdə necə diqqətli ola bilər?”
Bundan əlavə, o, süni intellektin ətraf mühitə təsirinə qarşı laqeydliyi də mənfi hal kimi qiymətləndirib.
Oxşar vəziyyəti 35 yaşlı qadın da yaşayıb. O, kafedə görüş zamanı kişinin süni intellektdən “italyanlarla necə danışmağı öyrənmək olar?” istifadə etdiyini eşidəndən sonra ünsiyyəti dayandırıb. Qadın hesab edir ki, düşünmə qabiliyyətini texnologiyaya həvalə etmək ünsiyyətin zəifləməsinə gətirib çıxarır.
Tez-tez görüşlərə çıxan insanlar belə halları “daxili zəiflik” kimi qiymətləndirirlər. 36 yaşlı qadın isə bunun liderlik keyfiyyətlərinin çatışmazlığını göstərdiyini deyir. Onun fikrincə, bəzi insanlar real problemlərlə üzləşmək əvəzinə, süni intellektin arxasında gizlənməyə çalışır.
Bu tendensiya uzunmüddətli münasibətlərdə də narahatlıq yaradır. Müsahibə iştirakçılarından biri bildirib ki, partnyorunun süni intellektə həddindən artıq bağlılığı onu narahat edir. O, qorxur ki, gələcəkdə yaranacaq mübahisələrdə partnyoru səmimi söhbət əvəzinə alqoritmlərdən məsləhət alacaq.
Ekspertlər qeyd edir ki, texnologiya ünsiyyəti asanlaşdırsa da, onun həddindən artıq istifadəsi insanlar arasında səmimiyyət və şəxsi məsuliyyət hissini zəiflədə bilər.
ChatGPT