Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin 5 illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, qurumun Müşahidə Şurasının sədri Fuad Məmmədov əvvəlcə Prezident İlham Əliyevin Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətindəki islahat proqramına toxunub.
O qeyd edib ki, QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır.
"Hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyev Azərbaycan QHT-lərinin WUF13-ə ciddi hazırlaşdığını bildirib.
İdarə Heyətinin sədri QHT Agentliyinin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb:
"Prezidentin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86 %, 2023-cü ildə 88 %, 2024-cü ildə 97 %, 2025-ci ildə isə 98,5 % təşkil edib. 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib".
Sədr bildirib ki, Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir:
"Bakının 116 ölkədən QHT-lərin təmsil olunduğu Qlobal Cənub QHT Platforması kimi nəhəng təsisatın, 8 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT Platforması kimi regional qurumun daimi mənzil qərargahına çevrilməsi bu prosesdə mühüm rol oynayıb".
Agentliyin departament müdiri Fuad Rzazadə isə qurumun müsabiqələrinə ilbəil müraciətlərin yüksəlməsinin qeydə alındığını bildirib:
"2024-cü il üzrə müsabiqələrə 779 təşkilat maraq göstərmişdisə, 2025-ci il üzrə bu rəqəm 915, 2026-cı il üzrə 981 olub. Son illər QHT-lərin komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu cəlbedici layihəyə çevirmək, media ilə işləmək vərdişləri güclənir, layihələrdə maliyyə və icra intizamı artır".
Toplantıda QHT Agentliyinin tam yeni tərtibatda internet səhifəsi (ngoagency.gov.az) də ictimaiyyətə təqdim olunub.
Qurumun informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Bayramlı yenilənmiş səhifənin özəllikləri barədə təqdimatla çıxış edib.
Daha sonra media nümayəndələri "Açıq Qapı" formatında Agentliyin iş fəaliyyəti ilə yerində tanış olub.