IMG-LOGO

Rövşən Hüseynli övladı dünyaya gəldiyi üçün yığma ilə Qazaxıstana gedə bilməyib

13 Apr 2026 12:48 2 baxış
IMG

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli övladı dünyaya gəldiyi üçün komanda ilə Qazaxıstana gedə bilməyib.

Təcrübəli qolkiper bunu "Report"a açıqlamasında deyib.

O, heyətdən çıxarılmasına aydınlıq gətirib:

"Dünən oğlan övladım dünyaya gəlib. Ona görə də baş məşqçi ilə əvvəlcədən danışmışdım. Hətta Gürcüstana getmək məsələsi belə bir az qaranlıq idi. Komanda Gürcüstanda hava limanında olanda, Bakıya qayıdarkən eşitdim ki, oğlum olub".

R.Hüseynli yığmanın baş məşqçisi Yevgeni Kukseviçin ona Qazaxıstana getməyi təklif etdiyini söyləyib:

"Gürcüstanla birinci oyundan və Bakıya gələndən sonra baş məşqçi ilə yenidən söhbət etdim. O, yoldaşlıq görüşlərində iştirak üçün Qazaxıstana da getməyimi təklif edirdi. Sadəcə, ailə məsələləri ilə bağlı bəzən alınmır. Ona görə də gedə bilmədim. Qalan hər şey qaydasındadır".

Qapıçı Gürcüstan millisinə qarşı keçirilən oyunlar haqqında da fikirlərini bölüşüb:

"Millimiz yenidən formalaşıb. Heyətdə gənc və yerli oyunçular çoxdur. Hesab edirəm ki, Gürcüstanla görüşlər yerli oyunçulardan ibarət millinin ən yaxşı matçları idi. Düzdür, fərdi səhvlərimiz oldu, amma bu qarşılaşmalar göstərdi ki, oyun sayı artdıqca futbolçular təcrübə toplayırlar. Bu da inkişafdan xəbər verir və gələcəyə ümidlə baxmağa əsas verir. Hazırda bizdə çatışmayan cəhət yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilməməkdir. Həmçinin bəzi məqamlarda yanlış qərarlar veririk. Fiziki cəhətdən də çatışmazlıq var. Bu, Qazaxıstanla oyunlarda da özünü göstərə bilər. Bütün bunlara rəğmən, gələcəyə ümidlə baxmaq olar".

Qeyd edək ki, Azərbaycan millisi bu gün Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək. Komanda aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

Xəbər lenti