İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı dialoq aparılıb.
"Report" xəbər verir ki, A. Əraqçi bunu "X" sosial şəbəkə hesabında yazıb.
"47 il ərzində ən yüksək səviyyəli intensiv danışıqlarda İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı şəkildə dialoq aparıb", - o bildirib.
Əraqçi qeyd edib ki, "İslamabad Memorandumu" da əldə oluna bilərdi:
"Lakin biz "İslamabad Memorandumu"ndan cəmi bir neçə santimetr məsafədə olanda maksimalizm və blokada ilə üzləşdik".
Onun sözlərinə görə, ABŞ müharibədən nəticə çıxarmayıb. "Yaxşılıq yaxşılıq doğurur, düşmənçilik isə düşmənçilik", - Əraqçi vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.