IMG-LOGO

Cevdet Yılmaz: ABŞ ilə İran arasında sürətli həll gözləmək real deyil

12 Apr 2026 22:02 3 baxış
IMG

ABŞ və İran arasındakı münaqişənin tezliklə həlli gözlənilmir.

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında yazıb.

"Bir çox əhatəli məsələləri ehtiva edən ixtilaflarda çox sürətli həll gözləmək arzu edilsə də, real deyil", - o bildirib və əlavə edib ki, müzakirə çətin ola bilər:

"Ancaq ən çətin müzakirə müharibənin dağıdıcı təsirləri qarşısında sərf edilən zamana və səyə dəyər".

O, bölgədə təmin edilən atəşkəsin təsirli və əhatəli şəkildə tətbiq olunması, müzakirələrə kifayət qədər fürsət verilməsi və prosesin qalıcı sülhlə nəticələnməsini arzulayıb. "Türkiyə Respublikası olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ədalətli bir sülh üçün diplomatik səylərə ən yüksək səviyyədə töhfə verməyə davam edəcəyik", - C. Yılmaz paylaşımı tamamlayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Xəbər lenti