Koreya Xalq demokratik Respublikası (KXDR) Milli Müdafiə Akademiyası Raketqayırma Baş İdarəsi ilə birlikdə aprelin 6-dan 8-dək elektromaqnit silah sisteminin yoxlanılması, karbon lifləri əsaslı səpələyici mərminin sınaqdan keçirilməsi, qısamənzilli mobil zenit-raket kompleksinin döyüş etibarlılığının qiymətləndirilməsi, həmçinin taktiki ballistik raketin kaset döyüş başlığının döyüşə yararlılığının və məhvetmə gücünün müəyyən edilməsi sınağı da daxil olmaqla, bir sıra sınaqlar həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Sınaqlara rəhbərlik edən Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komitəsinin üzvü, ordu generalı Kim Con-şik bildirib ki, elektromaqnit silahı və karbon lifləri əsaslı mərmi müxtəlif hərbi sistemlərə inteqrasiya olunmaq və fərqli əməliyyat məkanlarında istifadə edilmək üçün nəzərdə tutulmuş strateji təyinatlı xüsusi vasitələrdir.
Raketqayırma Baş İdarəsi nəzdindəki Hava Hücumundan Müdafiə Silah Sistemlərinin Tədqiqi İdarəsi qısamənzilli mobil zenit-raket kompleksinin döyüş etibarlılığının yoxlanılmasını həyata keçirib.
KMTA qeyd edib ki, sınağın nəticələrinə əsasən, "Hwasongpho-11a" tipli yerüstü bazalı taktiki ballistik raketin kaset döyüş başlığının 6,5-7 hektar sahədəki hədəfləri yüksək sıxlıqla məhv etmək qabiliyyətinə malik olduğu təsdiqlənib.
Bundan əlavə, yaradılmasında aşağı maya dəyərli materiallardan istifadə olunmuş mühərrikin maksimum yüklənmə qabiliyyətini yoxlamaq üçün buraxılış icra edilib.