İran mümkün sülh razılaşması üzrə danışıqlar üçün əsas kimi götürülən, yenidən işlənmiş planı ABŞ-yə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Tehran İranın daha əvvəl təqdim etdiyi 10 bəndlik sənəddən tamamilə fərqlənən, yenidən işlənmiş plan təqdim edib:
"Onlar prezidentə və onun komandasına daha məqbul, tamamilə fərqli və yığcam plan təqdim ediblər. Prezident Tramp və onun komandası yeni dəyişdirilmiş planın danışıqlar və bizim 15 bəndlik öz təklifimizlə razılaşdırılmaq üçün əsas olduğunu müəyyən ediblər".
Levitt vurğulayıb ki, Vaşinqton Tehranla yalnız Hörmüz boğazının gəmiçilik üçün açıq olması şərti ilə danışıqlar aparacaq.
"Prezident yalnız ABŞ-nin maraqlarına tam şəkildə uyğun olan razılaşma bağlayacaq. Boğaz məhdudiyyətlər və gecikmələr olmadan açıq qaldığı müddətdə danışıqlar qrupu iki həftə ərzində diqqətini buna cəmləyəcək", - o bildirib.