IMG-LOGO

Azərbaycan ABŞ-İsrail və İran müharibəsində sərgilədiyi mövqe ilə diplomatik balansı qorudu - RƏY

08 Apr 2026 19:16 4 baxış
IMG

Azərbaycan münaqişə dövründə nə qarşıdurmanın tərəfinə çevrildi, nə də öz ərazisindən üçüncü tərəflərin İrana qarşı istifadə etməsinə imkan verdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Azərbaycanın İranla münasibətlər kontekstində müharibə dövründə sərgilədiyi mövqe dövlət maraqları prizmasından qiymətləndirildikdə bu siyasətin, əsasən, təhlükəsizlik, regional sabitlik və çoxşaxəli diplomatik balansın qorunmasına xidmət etdiyi aydın görünür:

"Rəsmi Bakının addımları təsadüfi deyil, məhz milli maraqların qorunmasına hesablanmış ardıcıl və praqmatik xəttin tərkib hissəsidir".

Deputat bildirib ki, İranla ABŞ arasında atəşkəs elan olunmasından sonra Azərbaycan Prezidentinin İran Prezidentinə zəng edərək təbriklərini çatdırması, ilk növbədə, regionda gərginliyin azalmasının Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu göstərir:

"Müharibə dövründə Azərbaycanın davranışının İran üçün "dostluq nümayişi" kimi təqdim olunması isə, əslində, daha dərin geosiyasi məntiqə əsaslanır. Bakı bu dövrdə nə qarşıdurmanın tərəfinə çevrildi, nə də öz ərazisinin üçüncü tərəflərin İrana qarşı istifadəsinə imkan verdi. Bu, Azərbaycanın suveren qərarvermə qabiliyyətini və balanslı xarici siyasətini nümayiş etdirməklə yanaşı, regionda əlavə risklərin yaranmasının qarşısını almağa yönəlmiş addım idi".

V.Qafarov onu da qeyd edib ki, Azərbaycan-İran sərhədinin bu dövrdə sabit və təhlükəsiz qalması xüsusi əhəmiyyət kəsb edir.

"Bu, bir tərəfdən Azərbaycanın sərhəd təhlükəsizliyi üzərində tam nəzarətini göstərir, digər tərəfdən isə İrana qarşı hər hansı təhdid platforması olmadığı mesajını verir. Belə yanaşma Azərbaycanın həm qonşuluq siyasətinə, həm də regional etimad mühitinin qorunmasına xidmət edir ki, bu da uzunmüddətli dövlət maraqları baxımından vacibdir", - o qeyd edib.

Milli Məclisinin üzvü humanitar yardımların göstərilməsinin də dövlət maraqları baxımından mühüm alət kimi çıxış etdiyinə diqqət çəkib.

Deputat bütün bu addımların ümumiləşdirilməsi kimi Azərbaycanın siyasətinin emosional deyil, rasional və dövlət maraqları əsaslı olmasını göstərdiyini vurğulayıb.

Xatırladaq ki, İranla ABŞ arasında 2 həftəlik atəşkəs elan olunması ilə bağlı Azərbaycan Prezidenti İran Prezidentinə zəng edib və təbriklərini çatdırıb. Atəşkəs elan olunandan sonra İran Prezidentini təbrik edən ilk lider Azərbaycan Prezidenti olub.

Xəbər lenti