Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
"Report" xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutub.
İlk olaraq "Gəncə" "Turan"la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə bitib. "Milli Aviasiya Akademiyası" "DH Volley" kollektivlərinin duelində isə ikincilər qələbə qazanıb - 3:0 (25:22, 25:19, 25:19).
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.