IMG-LOGO

Avropa dövlətlərinin liderləri ABŞ və İran arasında atəşkəsi dəstəkləyib

08 Apr 2026 17:30 3 baxış
IMG

Böyük Britaniya, bir sıra Avropa İttifaqı (Aİ) dövlətlərinin liderləri, Avropa Komissiyası və Aİ Şurasının rəhbərləri birgə bəyanatla çıxış edərək ABŞ və İran arasında əldə edilmiş iki həftəlik atəşkəsi alqışlayıb və tezliklə razılaşmanın əldə olunmasına çağırıb.

"Report"un Avropa bürosunun məlumatına görə, bəyanatı Almaniyanın Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Danimarkanın Baş naziri Mette Frederiksen, Niderlandın Baş naziri Rob Yetten, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İspaniyanın Baş naziri Pedro Sançes və Fransa Prezidenti Emmanuel Makron imzalayıb.

Bəyanatda, həmçinin Pakistana və digər tərəfdaşlara atəşkəs barədə razılığın əldə olunmasına göstərdikləri köməklərinə görə minnətdarlıq ifadə edilib.

"İndi müharibənin ən qısa zamanda və qəti şəkildə dayandırılmasına nail olmaq lazımdır. Buna yalnız diplomatik yolla nail olmaq mümkündür. Biz danışıqlar yolu ilə real razılaşmanın əldə olunması istiqamətində mümkün qədər tez irəliləməyə çağırış edirik", - birgə bəyanatda bildirilib.

Bundan əlavə, bəyanatda İranın mülki əhalisinin müdafiəsinin və regional təhlükəsizliyin təmin edilməsinin, eləcə də ciddi qlobal enerji böhranının qarşısının alınmasının zəruriliyi qeyd olunub.

"Biz bu diplomatik səyləri dəstəkləyirik. Bu məqsədlə ABŞ və digər tərəfdaşlarla sıx əlaqədəyik", - sənəddə qeyd edilib.

Xəbər lenti