IMG-LOGO

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

08 Apr 2026 14:51 3 baxış
IMG

Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvriciliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.

Təcrübədən görünür ki, vətəndaşlar ən çox məhz haqlı olduqları, hətta müəyyən sübutlar təqdim etdikləri halda, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əksər hallarda sübutetmə qaydalarına riayət olunmaması ilə bağlı olur.

Sübutların yalnız mövcud olması kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul edilməyə bilər.

Mülki prosessual qanunvericiliyə əsasən, sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində (hazırlıq iclasında) təqdim edilməlidir. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etmirsə və sonradan təqdim edirsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

Sübuta ehtiyac sonradan yaranarsa - Bəzən sübutun təqdim olunması zərurəti məhz məhkəmə baxışı zamanı ortaya çıxır. Məsələn, məhkəmə baxışı zamanı yeni faktlar aşkar olunur; tərəflərin izahatları yeni halları üzə çıxarır, mübahisə predmeti ilə bağlı vəziyyət dəyişir (məsələn, əmlakın hüquqi statusu dəyişir). Belə hallarda həmin faktları təsdiqləyən sübutlar sonradan təqdim edilə bilər.

Sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, bu halda da məhkəmə onu qəbul edə bilər. Amma burada vacib şərt odur ki, şəxs sübutu vaxtında təqdim edə bilməməsinin səbəbini də sübut etməlidir. Məsələn, rəsmi sorğu vaxtında göndərilib, lakin cavab gecikib. Bu halda sorğu və cavab məktubları da məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur. Bu yalnız o halda mümkündür ki, şəxs birinci instansiyada həmin sübutu təqdim edə bilmədiyini əsaslandıra bilsin. Məsələn, üzrlü səbəblər kimi bunlar göstərilə bilər: məhkəmə iclasları barədə bildirişlərin alınmaması, ağır xəstəlik və ya uzunmüddətli müalicə və digər obyektiv və sübut oluna bilən hallar. Bu səbəblər də müvafiq sənədlərlə təsdiqlənməlidir.

Xəbər lenti