IMG-LOGO

TDT üzv ölkələri arasında Kibertəhlükəsizlik Şurasının yaradılması istiqamətində iş aparılır

08 Apr 2026 11:38 6 baxış
IMG

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılması istiqamətində iş aparılır.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə "TSARKA Group"un baş direktorunun müavini Ruslan Turquldinov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs daha əvvəl müvafiq platformalarda müzakirə olunub, TDT dövlət başçıları səviyyəsində dəstəklənib.

"İmzalanmış memorandum çərçivəsində tərəflər artıq kiberinsidentlərlə bağlı məlumat mübadiləsi, yeni təhdidlərin aşkarlanması üzrə birgə iş və kritik infrastrukturun qorunması üçün texnologiyaların inkişafı barədə razılığa gəliblər", - o bildirib.

Turquldinov qeyd edib ki, əsas vəzifə Kibertəhlükəsizlik Şurasının yaradılmasıdır ki, bu da əməkdaşlığı sistemli şəkildə koordinasiya etməyə, birgə layihələr başlatmağa və kiberinsidentlər barədə operativ məlumat mübadiləsi üçün vahid platformalar formalaşdırmağa imkan verəcək.

"Qazaxıstan artıq bu sahədə Azərbaycanla fəal əməkdaşlıq edir. Xüsusilə, tərəflər təcrübə mübadiləsi aparır, birgə tədbirlərdə iştirak edir və kiberhücumların araşdırılmasında qarşılıqlı dəstək göstərirlər. Əgər insidentlərdə Azərbaycanın infrastrukturu yer alırsa, biz birbaşa səlahiyyətli orqanlara müraciət edir və lazımi yardım alırıq. Analoji müraciətlər bizə də daxil olur", - baş direktorun müavini əlavə edib.

O, həmçinin bildirib ki, hazırda Şuranın işə salınması üçün praktiki iş aparılır və növbəti iclasın artıq 2026-cı ilin sentyabrında Qazaxıstanda TDT ölkələrinin iştirakı ilə keçiriləcək illik konfrans çərçivəsində baş tuta biləcəyi gözlənilir.

Xəbər lenti