İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etmək təhdidini qəbuledilməz adlandırıb.
"Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, həmçinin ABŞ liderinin bütün dünyanın gözü qarşısında ölkənin bütün mülki infrastrukturunu məhv etməklə hədələməsini təəssüf doğuran hal adlandırıb.
"ABŞ mülki infrastruktura zərbələr endirəcəyi təqdirdə İran adekvat cavab tədbirləri görəcək. ABŞ və İsrail həm regional, həm də beynəlxalq nəticələrə görə məsuliyyət daşıyacaqlar", - İrəvani qeyd edib.
Onun sözlərinə görə, Tehran müvəqqəti atəşkəsi rədd edir, çünki bu, ABŞ-yə qüvvələrini yenidən toplamaq və İrana zərbələri davam etdirməyə hazırlıq üçün lazımdır.
"Şübhəsiz ki, İran öz xalqının müdafiəsi, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, eləcə də həyati vacib milli maraqlarının qorunması üçün tam qətiyyətlə bütün zəruri tədbirləri görəcək", - daimi nümayəndə vurğulayıb.