IMG-LOGO

Cənubi Qafqazda yeni dövr: Bakı və Tbilisi regionun gələcəyini cızır - ŞƏRH

07 Apr 2026 13:38 3 baxış
IMG

Son dövrlər dünyada və regionda baş verən hadisələr, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel tarixində Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi münasibətləri hər ötən gün daha da inkişaf edir, iki ölkə arasındakı əlaqələr strateji səviyyəyə yüksəlib. Bunun isə ciddi səbəbləri var. Regionda enerji və nəqliyyat dəhlizlərinin yenidən formalaşması və Cənubi Qafqazın dünya dövlətləri üçün hər ötən gün daha da əhəmiyyətli loqistika marşrutuna çevrilməsi əlaqələri strateji müstəviyə daşıyan əsas faktordur. Bu prizmadan yanaşanda Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusilə qeyd etmək yerinə düşər.

Eyni zamanda Prezidentin Gürcüstana səfəri zamanı bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatı mühüm siyasi mesajlarla da zəngindir. Bu mesajlar göstərir ki, səfər sadəcə iki ölkə arasında ənənəvi tərəfdaşlığın davamı kimi deyil, həm də regionda sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi və Avropa ilə Asiyanı birləşdirən alternativ kommunikasiya xətlərinin inkişafı baxımından böyük önəm daşıyır. Post-münaqişə dövründə Cənubi Qafqazda yeni güc balansının formalaşdığını, Azərbaycanın regional layihələrdə kilid mövqedə olduğunu, Gürcüstanın da tranzit ölkə mövqeyinə yüksəldiyini nəzərə alsaq, səfərin əhəmiyyətinin, aparılan müzakirələrin vacibliyinin bu kriteriyaları da əhatə etdiyini anlayarıq: bu səfər və müzakirələr təkcə iqtisadi və enerji sahələrində əməkdaşlıq deyil. Eyni zamanda təhlükəsizlik, siyasi koordinasiya və regional layihələrin gələcəyi kimi daha geniş spektri əhatə edir.

Ölkə başçısının Kobaxidze ilə birgə mətbuat konfransında Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara xüsusi diqqət çəkib. Prezident qeyd edib ki, region artıq uzun illər davam edən münaqişə kölgəsindən çıxıb. Bu gün Cənubi Qafqaz regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilib. Yaranan sülh və sabitlik iqtisadi inteqrasiya, enerji əməkdaşlığı və nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi üçün də böyük əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, artıq Cənubi Qafqaz regionu artıq qarşıdurma zonası yox, əməkdaşlıq platformasına çevrilir. İlham Əliyev bu prosesdə Gürcüstanın rolunu xüsusilə vurğulayıb. Ölkə başçısı bildirib ki, rəsmi Tbilisi regionda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizliyin qorunması, region dövlətləri arasında iqtisadi əməkdaşlıq və dialoq məsələsində aktiv rol oynayır. Eyni zamanda müxtəlif tərəflər arasında körpü rolunu oynamaq qabiliyyəti Gürcüstanı regionda sülh və sabitliyin əsas dayaqlarından birinə çevirir. Bu prizmadan yanaşanda Prezidentin Tbilisidən verdiyi mesajlar regionda yeni eranın başlanğıcı kimi qiymətləndirilir.

Təbii ki, ölkə başçısı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına da diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, regionda davamlı sülhün təmin olunması sadəcə sənəd imzalamaqdan keçmir. Bu sənədlər həm də real addımlarla möhkəmləndirilməlidir. Onun sözlərinə görə, sülh müqaviləsi hüquqi baza yaratsa da, əsl sabitlik tərəflər arasında etimadın formalaşması, iqtisadi əlaqələrin qurulması və qarşılıqlı asılılığın artması ilə mümkün olacaq. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında artıq formalaşmağa başlayan ticarət əlaqələrinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət birbaşa yox, Gürcüstan vasitəsilə həyata keçirilir. Bu isə göstərir ki, həm Gürcüstan regionda vasitəçi iqtisadi platforma rolunu oynayır, həm də regionda yeni iqtisadi reallıq formalaşıb. Sülh müqaviləsinin imzalanması və siyasi münasibətlərin tam formalaşmadığı bir reallıqda iqtisadi əlaqələr birbaşa yox, dolayı mexanizmlərlə həyata keçirilir. Ticarətin üçüncü tərəf üzərindən həyata keçirilməsi həm riskləri azaldır, həm də etimadın formalaşdırılması baxımından keçid modeli rolunu oynayır.

Əgər proses davamlı xarakter alsa, birbaşa iqtisadi əlaqələrin qurulması üçün zəmin yaranacaq və o gün o qədər də uzaqda deyil. Digər tərəfdən, Gürcüstanın bu prosesdə oynadığı rol onun regionda yalnız tranzit ölkə deyil, həm də iqtisadi və siyasi vasitəçi kimi mövqeyini gücləndirir. Beləliklə, bu mexanizm təkcə mövcud vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda mərhələli şəkildə inteqrasiya imkanlarının artdığını göstərən strateji indikator kimi qiymətləndirilə bilər.

Tbilisidə səslənən əsas fikirlərdən biri də iki ölkə arasında iqtisadi və enerji əməkdaşlığının inkişafına dair oldu. İlham Əliyev qeyd etdi ki, iki ölkə arasındakı iqtisadi bağlar təkcə ticarət dövriyyəsi ilə məhdudlaşmır. Yaxın gələcəkdə qarşılıqlı investisiya layihələri və üçüncü ölkələrdə birgə təşəbbüslərin də həyata keçirilməsi imkanları planlara daxildir. Bu isə o deməkdir ki, Prezident bu fikri ilə regionda daha geniş və dayanıqlı iqtisadi inteqrasiyanın təməlini qoyub. Çünki bu təşəbbüslərin reallaşması iki ölkə üçün yeni bazarların açılması, sənaye və texnologiya sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarının yaranması, investisiya axınlarının artımı deməkdir.

Eyni zamanda iki ölkə arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Azərbaycanın neft və qazının, yaşıl enerjisinin Avropaya daşınmasında Gürcüstan tranzit ölkə rolunu oynayır. Yeni layihələr isə bu xətt və marşrutları daha əhəmiyyətli, səmərəli və etibarlı mövqeyə yüksəldəcək. Orta Dəhliz kimi logistika yolları yükdaşımaların həcmini artırır, ticarətin diversifikasiyasına şərait yaradır, enerji resurslarının regionda təhlükəsiz və etibarlı şəkildə paylanmasını təmin edir. Yaxın illərdə isə bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan iqtisadiyyatına yox, eyni zamanda Cənubi Qafqaz ölkələrinin də iqtisadiyyatına öz töhfəsini verəcək, regionun rolunu artıracaq. Çünki birgə layihələr, enerji infrastrukturlarının modernləşdirilməsi, yeni enerji xətləri rəqabətədavamlı və dayanıqlı enerji bazarını formalaşdıracaq.

Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında enerji, nəqliyyat, regional əməkdaşlıq baxımından strateji xarakter daşıyır. Eyni zamanda bu səfər Cənubi Qafqazda əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiyanın təşviqi baxımından da əhəmiyyət daşıyır. Qısacası, artıq Cənubi Qafqazda yeni dövr başlayır və Azərbaycan bu dövrün lideri, qurucusu və təminatçısıdır.

Kamil Məmmədov

Xəbər lenti