Jurnalistlərin binasında liftdə qəza baş verib.
Lent.az xəbər verir ki, bu barədə oranın sakini jurnalist Elnur Məmmədli paylaşım edib.
Onun yazdığına görə, ötən gecə övladları ilə birlikdə qorxulu anlar yaşayıb:
"Dünən axşam uşaqlarla ölümdən döndük. Jurnalistlər binası II-də, A blokunun lifti 10-cu mərtəbəyə çatanda titrəməyə başladı və qəflətən sürətlə 9-cu mərtəbəyə endi. Bir anlıq gözümün qarşısına lift faciələri haqda yazdığım, oxuduğum xəbərlər gəldi. Yaxşı ki dayandı. Uşaqların çığırtısı hələ də qulaqlarımdadır. Problem təcili həll edilməsə o liftdə yaxın günlərdə hadisə baş verəcəyini gözləyirəm. Aidiyyatı qurumların tədbir görməsinə ehtiyac var".
Binanın məsul şəxsləri bildiriblər ki, artıq liftin fəaliyyəti dayandırılıb, hazırda təmir işləri aparılır.