İtaliyanın Baş naziri Corciya Meloni Fars körfəzi ölkələrinə elan olunmamış səfər edib.
"Report" xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Məlumata görə, Meloni aprelin 3-ü günün ikinci yarısında Ciddəyə (Səudiyyə Ərəbistanı) çatıb. İki gün ərzində Baş nazir Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə də səfər edəcək.
"Bu, İrandakı münaqişənin başlanmasından bəri Qərb liderinin ən vacib neft mənbəyi olan regiona ilk səfəridir. Baş nazirin qəfil missiyası, digər məsələlərlə yanaşı, İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Fars körfəzi İtaliya üçün neft və qazın ən mühüm mənbəyidir və enerji daşıyıcılarının dünya üzrə qiymətlərində əsas rol oynayır", - nəşr bildirib.
Qeyd olunub ki, bu, münaqişənin əvvəlindən bəri Aİ, G20 və NATO liderinin regiona ilk səfəridir.
Mənbələr bildirib ki, missiyanın məqsədi Fars körfəzi ölkələri ilə münasibətləri möhkəmləndirmək və eyni zamanda getdikcə daha da möhkəmlənən strateji tərəfdaşlığı gücləndirərək, İran hücumları qarşısında İtaliyanın dəstəyini təsdiqləməkdir.