Ailədə uşağın hansı sırada doğulması onun gələcəkdə məsuliyyətli lider, barışdırıcı və ya üsyankar olmasına təsir edirmi? Mütəxəssislər bildirir ki, bu faktor müəyyən rol oynasa da, həlledici deyil.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, tanınmış yazıçı Ketrin Karr qeyd edir ki, uşağın ailədəki mövqeyi onun şəxsiyyətinin formalaşmasına təsir göstərə bilər, lakin onu tam müəyyən etmir.
Onun sözlərinə görə, bacı-qardaş münasibətləri çox mürəkkəb və çoxşaxəli sistemdir. Məsələn, ailənin ilk övladları adətən daha məsuliyyətli olur və kiçik bacı-qardaş dünyaya gəldikdə “xüsusi statuslarını” itirdiklərini hiss edə bilirlər. Ən kiçik uşaqlar isə bu təcrübəni yaşamır və fərqli şəraitdə böyüyürlər.
Doğum sırasının təsiri ilə bağlı ideyalar əsasən avstriyalı psixoterapevt Alfred Adlerin nəzəriyyələrinə dayanır. O hesab edirdi ki, böyük uşaqlar daha məsuliyyətli və təşkilatçı olur. Ortancıllar daha çevik, lakin bəzən özünə inamsız, ən kiçiklər isə daha riskə meyilli və xarizmatikdirlər.
Bununla belə, müasir tədqiqatçılar vurğulayır ki, bu yanaşmalar daha çox ümumi müşahidələrdir və hər kəs üçün keçərli qayda deyil.
Ketrin Karr bildirir ki, uşaqların böyüdüyü şərait daha böyük rol oynayır. Yaş fərqi, ailənin maddi vəziyyəti, valideynlərin emosional dəstəyi kimi amillər hətta eyni ailədə böyüyən uşaqlar üçün fərqli təcrübələr yaradır.
Digər mühüm yanaşma isə psixoloq Frensis Fuks Şaxter tərəfindən irəli sürülən diferensiasiya nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, uşaqlar ailədə fərqlənmək üçün şüurlu və ya şüursuz şəkildə özlərinə xüsusi “rol” seçirlər. Məsələn, bir uşaq dərslərdə uğurludursa, digəri yaradıcılıq və ya yumor sahəsində inkişaf etməyə üstünlük verə bilər.
Ailə dinamikası da bu prosesə təsir edir. Qarışıq ailələr, böyük yaş fərqi və ya valideynlərin gizli üstünlük verməsi uşaqların rollarını dəyişə və münasibətlərə təsir göstərə bilər.
Nəticə olaraq mütəxəssislər belə qənaətə gəlir: doğum sırası əhəmiyyətlidir, amma taleyi müəyyən etmir. Zaman keçdikcə bacı-qardaş münasibətləri dəyişə bilər və sərt rollar daha bərabər və yetkin münasibətlərlə əvəz oluna bilər.
uşaqlar böyük və kiçik uşaq