Azərbaycan və Çin arasında investisiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Bildirilib ki, müzakirələr AZPROMO ilə Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin (CICETE) nümayəndə heyəti ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri barədə məlumat verilib. Qeyd edilib ki, sərgi və tədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir. Bu çərçivədə Azərbaycan şirkətlərinin bu il sentyabrın 9-13-da Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanları ətrafında müzakirə aparılıb.
Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrların təkmilləşdirilməsi məqsədilə CICETE tərəfindən təşkil olunan təlim proqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarına dair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.