IMG-LOGO

Ayaz İmanov: "Nizami Kino Mərkəzinin divarlarına yazılanlarda nə bir məna, nə də bədii yük var"

03 Apr 2026 17:01 2 baxış
IMG

Nizami Kino Mərkəzinin divarlarına yazılanların Bakının estetikasına və tarixi görkəminə sadəcə zərər vurur, həmin yazılarda nə bir məna, nə də bədii estetika var.

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn kafedrasının dosenti Ayaz İmanov bildirib.

Onun sözlərinə görə, paytaxtın tarixi görkəminə zərər vuran bu hərəkətləri ancaq "vəhşilik" adlandırmaq olar: "Xaricdə divarlara çəkilən qrafitlərdə ən azından bir məna, bədii yük olur. Burada isə mən nə bir məna, nə estetika, nə də gözəllik gördüm. Bu, sadəcə şəhərin görünüşünü korlamaqdır. Bunu edənlər millətin düşmənidir, ancaq, heç düşmən də bunu etməz".

A.İmanov qeyd edib ki, Bakının memarlıq irsini qorumaq üçün ilk növbədə insanların maarifləndirilməsinə diqqət yetirilməlidir: "Tarixi binaları sadəcə qorumaq lazımdır. Məncə, insanları tərbiyələndirmək, onlarla təşviqat aparmaq lazımdır. Şəhər bizim evimizdir. Şəhərə çıxmaq xoşuma gəlir, gəzirsən, adama ləzzət verir. Elə ediblər ki, çox gözəldir, çox təmizdir. Görürəm ki, şəhər estetika, gözəllik, memarlıq tərəfdən çox dəyişib. Belə bir gözəlliyi niyə korlamalıyıq ki? Tarixi binaları qorumaq insanın daxili tərbiyəsindən gəlməlidir".

Onun sözlərinə görə, bu cür hərəkətlərin məhz Nizami Kino Mərkəzinin binasında törədilməsi onun bilərəkdən edilməsi ehtimalını yaradır: "Bunu bilə-bilə edirlər, yoxsa nədir başa düşmürəm. Nizaminin adı ilə əlaqədardır deyə bunu edirlər, yoxsa şəhərin ortasıdır, bununla nəsə demək istəyirlər? Özü də bu birinci dəfədir ki, Nizami Kino Mərkəzində belə edirlər. Anlaya bilmirəm ki, bu hadisə baş verərkən onu heç kim görməyib? Mən görəndə dəhşətə gəldim".

Xəbər lenti