IMG-LOGO

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb

03 Apr 2026 14:29 2 baxış
IMG

Bu ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi orta hesabla 128,5 bənd olub ki bu, fevral ayı ilə müqayisədə 3 bənd (2,4 %) çoxdur.

"Report" FAO-ya istinadən xəbər verir ki, bütün əmtəə qrupları üzrə taxıl, ət, süd məhsulları, bitki yağları və şəkər qiymət indeksləri müxtəlif dərəcələrdə artıb. Bununla belə, mövcud göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 bənd (1 %) yuxarı, 2022-ci ilin martında qeydə alınmış pik nöqtədən isə 31,7 bənd (19,8 %) aşağıdır.

FAO Taxıl Qiymət İndeksi ötən ay orta hesabla 110,4 bənd təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1,7 bənd (1,5 %), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,7 bənd (0,6 %) artıb. ABŞ-də quraqlıq və Avstraliyada gübrə xərcləri səbəbindən əkinin azalacağı qorxusu beynəlxalq buğda qiymətlərini 4,3 % artırıb. Dünya qarğıdalı qiymətləri cəmi 0,9 % artıb.

FAO Düyü Qiymət İndeksi isə martnda 3 % azalıb. Bu azalma məhsul yığımı təzyiqi, zəif idxal tələbi və valyutaların ABŞ dollarına nisbətdə ucuzlaşması fonunda bütün əsas bazar seqmentlərində müşahidə olunub.

FAO Bitki Yağları Qiymət İndeksi ötən ay əvvəlki ayla müqayisədə 5,1 % (8,9 bənd) artaraq 183,1 bəndə çatıb və ardıcıl üçüncü ayda da artım nümayiş etdirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur. Bu artım palma, soya, günəbaxan və raps yağlarının qiymətlərindəki bahalaşması hesabına olub. Neftin bahalaşması və Malayziyada istehsalın azalması ilə palma yağı qiymətləri 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, Qara dənizdəki tədarük problemləri və bioyanacaq sektorunun tələbi günəbaxan və raps yağlarının qiymətlərini də artırıb.

FAO Ət Qiymət İndeksi martda 1 % artaraq 127,7 bənd təşkil edib ki, bu da illik müqayisədə 8 % artım deməkdir. Avropa İttifaqında tələbatın artması, Braziliyada tədarükün azalması donuz və mal ətini bahalaşdırıb. Digər tərəfdən, Yeni Zelandiya və Braziliyadan ixracın çoxalması, həmçinin logistik marşrutların Qırmızı dəniz vasitəsilə dəyişdirilməsi qoyun və quş ətinin ucuzlaşmasına səbəb olub.

FAO Süd Məhsulları Qiymət İndeksi ötən ay 1,2 % artaraq 120,9 bəndə çatıb. Bu, ötən ilin iyul ayından bəri qeydə alınan ilk artımdır. Kərə yağı və süd tozlarına olan güclü tələbat, həmçinin Okeaniyada istehsalın azalması qiymətləri artırsa da, Avropa İttifaqında süd bol olduğu üçün pendirin ucuzlaşması ümumi bahalaşmanı məhdudlaşdırıb.

FAO Şəkər Qiymət İndeksi martda fevral ayı ilə müqayisədə 7,2 % artaraq 92,4 bəndə çatıb. Bu da ötən ilin noyabrından bəri ən yüksək səviyyədir. Neftin bahalaşması və Yaxın Şərqdəki gərginlik şəkər qiymətlərini artırsa da, Hindistan və Taylandda məhsulun bol olması bu artımı zəiflədib. Braziliyada şəkər yerinə etanol istehsalına üstünlük verilməsi də qiymətlərin yüksəlməsinə səbəb olub.

Xəbər lenti