WUF13: Region üçün strateji imkanlar
"WUF13-ün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunması bizim region üçün çox əhəmiyyətli hadisədir. Bu, sadəcə beynəlxalq tədbir deyil, eyni zamanda region ölkələrinin qlobal şəhərsalma gündəliyinə daha fəal qoşulması üçün real imkan yaradır".
Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Şəhərlərin rolu və yeni əməkdaşlıq imkanları
O bildirib ki, Bu forum vasitəsilə ölkələrimiz öz yerli çağırışlarını və prioritetlərini qlobal inkişaf məqsədləri ilə daha düzgün uzlaşdıra biləcək:
“Xüsusilə davamlı şəhərlər, əlçatan mənzil, ekoloji tarazlıq, nəqliyyat və rəqəmsal xidmətlər kimi sahələrdə beynəlxalq təcrübədən faydalanmaq imkanı yaranır. Eyni zamanda, region ölkələri öz təcrübələrini də dünya ilə bölüşərək bu prosesdə daha aktiv rol oynaya bilərlər.
WUF13 şəhərlərin rolunu da daha da gücləndirir. Artıq şəhərlər yalnız yaşayış məkanı deyil, həm də iqtisadi inkişafın, innovasiyanın və texnoloji yeniliklərin əsas mərkəzlərinə çevrilir. Bu baxımdan, forum şəhərlərimiz üçün yeni tərəfdaşlıqlar qurmaq, investisiya cəlb etmək və müasir idarəetmə modellərini tətbiq etmək baxımından mühüm platformadır.
Bakının bu prosesdə rolu xüsusi vurğulanmalıdır. Paytaxtımız regionda belə bir mötəbər tədbirə ev sahibliyi etməklə həm dialoq platformasına çevrilir, həm də öz inkişaf modelini nümayiş etdirir. Son illərdə Bakıda həyata keçirilən infrastruktur layihələri, rəqəmsal dövlət xidmətləri və şəhər mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər artıq beynəlxalq səviyyədə diqqət çəkir”.
Azərbaycanın nümunəvi şəhərsalma yanaşması
Deputat vurğulayıb ki, WUF13 beynəlxalq ictimaiyyət üçün maraqlı və faydalı olacaq:
"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə davamlı və müasir şəhərsalma sahəsində yeni nümunə ortaya qoyur. Bu təcrübə də WUF13 çərçivəsində beynəlxalq ictimaiyyət üçün maraqlı və faydalı olacaq.
Hesab edirəm ki, WUF13 regionumuz üçün yeni əməkdaşlıq imkanları açacaq, şəhərlərimizin daha dayanıqlı, yaşıl və insan yönümlü inkişafına töhfə verəcək. Bakı isə bu prosesdə həm təşəbbüskar, həm də birləşdirici mərkəz rolunu oynamağa davam edəcək".
WUF13