IMG-LOGO

İsa Məsihin son günlərini əks etdirən xüsusi xəritə təqdim edildi

03 Apr 2026 12:51 5 baxış
IMG
2 0

Teoloq və yazıçı Con Uolş, İncil mətnlərinə və arxeoloji tapıntılara əsaslanaraq İsa Məsihin Yerusəlimdəki son günlərini əks etdirən xüsusi bir xəritə təqdim edib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu rekonstruksiya Pasxa həftəsi ərzində baş verən hadisələri, yəni şəhərə girişdən çarmıxa çəkilməyə qədər olan bütün yolu əhatə edir. Marşrutun başlanğıc nöqtəsi kimi hazırda daxilində Qübbətüs-Səhra və Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağı götürülüb. Matta İncilinə görə, İsa məhz burada insanlara təlim verib və tacirləri məbəddən qovaraq oranı təmizləyib.

Buradan sonra İsa şagirdləri ilə bir mil məsafədə yerləşən Sion dağındakı Üst Otağa yollanıb ki, bu yolun təxminən yarım saat çəkdiyi ehtimal olunur. Luka İncilində qeyd olunan həmin məkanda məşhur Son Şam yeməyi baş tutub. İsa və həvariləri yeməkdən sonra şəhər divarlarından kənara, Getsemaniya bağına tərəf gediblər. Tədqiqatçıların fikrincə, onlar diqqət çəkməmək üçün şəhərin cənub divarları ilə hərəkət ediblər və məhz bu bağda İsa Yuda tərəfindən xəyanətə uğrayaraq həbs edilib.

Həbs olunduqdan sonra İsanı relyefi mürəkkəb olan yollarla təxminən qırx dəqiqə apararaq baş kahin Qayafanın evinə gətiriblər və o, burada küfrlə ittiham olunub. Növbəti dayanacaq isə qərb divarı yaxınlığındakı İrod sarayı olub. Burada Roma canişini Ponti Pilat ölüm hökmünü çıxarıb və marşrutun ən ağır hissəsi olan Qolqota yolu başlayıb.

Təxminən səkkiz yüz metrlik bu məsafəni İsanın çarmıxla birlikdə üç saata qət etdiyi bildirilir. Edamdan sonra o, çarmıxa çəkildiyi yerin yaxınlığındakı qayalıq məqbərədə dəfn edilib. Bütün bu hadisələr cümə axşamı gecədən cümə gününə qədər olan çox qısa bir vaxtda cərəyan edib.

Son tədqiqatlar isə Turin kəfənində fərqli canlılara aid çoxsaylı genetik izlər tapıldığı üçün İsanın real DNT-sini müəyyən etməyin hələ də mübahisəli olduğunu göstərir.

İsa Məsih Pasxa

Xəbər lenti