IMG-LOGO

Qərbi Kaspi universiteti tələbələrdən pul istəyir? - Nazirlik AÇIQLAMA verdi - YENİLƏNİB

02 Apr 2026 16:30 3 baxış
IMG
4 0

Qərbi Kaspi universitetində dövlət sifarişi ilə (ödənişsiz əsaslarla) təhsil alan tələbələrə təhsil haqlarının bir hissəsini ödəmələri ilə bağlı məlumat verilib. Bildirilib ki, dövlət büdcəsindən ödənilməli olan vəsait tam köçmədiyi üçün semestr imtahanına qədər qalıq təhsil haqqını tələbələr özləri ödəməlidirlər. Əks təqdirdə imtahana buraxılmayacaqlar.

Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin maliyyələşdirilməsinə dair sorğunuza cavab olaraq Maliyyə Nazirliyindən bildirilib ki, 2025-ci il üzrə dövlət büdcəsindən universitet üçün ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən 3 milyon 596,6 min manat təhsil xərcləri, 1 milyon 480,0 min manat isə təqaüd xərcləri ayrılıb:

"Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülmüş və dövlət sifarişi ilə təhsil alan 1539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə etmişdir.

Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 faiz artımla nəzərdə tutulub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi nəzərdə tutulub"

***

14:47

Lent.az-ın sorğusuna Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir:

"Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz. Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil". 

***

09:27

Lent.az məsələ ilə bağlı ali təhsil müəssisəsinə sorğu göndərib.

Universitetdən sorğuya cavab olaraq bildirildi ki, dövlət tərəfindən müəssisəyə ödənilmiş vəsait büdcəyə geri qaytarıldığı üçün təhsil haqlarının ödənilməsi ilə bağlı tələbələrə məlumat verilib:

"Məlum olduğu kimi, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir. Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür.

2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılmış, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalmışdır. Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.

Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz.

Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib.

Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb.

Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır. Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq. Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə məlumat veriləcək.

Qeyd edək ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinə və Elm və Təhsil Nazirliyinə sorğu ünvanlamışıq. 

Qərbi kaspi universiteti Təhsil haqqı Qərbi Kaspi Universiteti tələbələrdən ödəniş tələb edir

Xəbər lenti