IMG-LOGO

Emin İskəndərov: "Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözləyirik"

02 Apr 2026 14:48 4 baxış
IMG

Azərbaycan yeniyetmə oğlanlardan ibarət cüdo millisindən Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözlənilir.

Bu barədə "Report"a komandanın baş məşqçisi Emin İskəndərov açıqlama verib.

O, yarışdan əvvəl təlim-məşq toplanışının sonuncu mərhələsini başa vurduqlarını söyləyib:

"Avropa Kuboku mərhələlərinə yaxşı hazırlaşmışıq. Daha əvvəl Almaniyanın Bremen şəhərində Beynəlxalq Masters Turnirində idmançılarımız yaxşı çıxış etdilər. Orada toplanış da baş tutdu. 700-dən çox cüdoçu var idi. Rəqabət güclü idi və cüdoçularımız özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu, bizi qane etdi. Ümid edirəm ki, orada əldə etdiyimiz təcrübə ilə Gəncədə yaxşı nəticə qazana biləcəyik. Komandanın intizamı, psixoloji durumu, əhval-ruhiyyəsi bizi qane edir".

E.İskəndərov millinin heyətinə yeni cüdoçuların cəlb olunacağını söyləyib:

"Yığmanın heyətində ötən ildən 7-8 idmançı qalıb, digərləri isə yenidir. Lakin həmin uşaqları ötən ildən hazırlayırdıq. Təlim-məşq toplanışlarına qatılırdılar. Onlar da milliyə düşə bildilər. Gəncədə təşkil olunacaq Avropa Kubokunda da yeni adlar görəcəyik. Bu il əvvəlki vaxtlara nisbətən regionlardan yeni "nəfəslər" də var. Mingəçevir, Gəncə, Zaqatala və digər bölgələrdən cüdoçular cəlb edilir. Bu isə inkişafın olduğunu göstərir. Bu idmançılardan da gözləntilərimiz böyükdür".

Mütəxəssis Avropa Kubokunda iştirak edəcək rəqibləri təhlil etdiklərini deyib:

"Heyətlərə baxmışıq, onları təhlil etmişik. Qazaxıstan əsas heyətlə gəlir. Gürcüstanda da əsas heyət üzvləri var. Onlarda da bizim kimi milli komanda üçün seçim gedir. Rəqibləri zəif hesab etmirik. Güclü olan qalib gələcək. Gəncədəki yarışdan iki həftə sonra Almaniyanın paytaxtı Berlində gerçəkləşəcək Avropa Kubokuna qatılacağıq. Ondan sonra da seçim yarışlarımız olacaq. Nəticə verənlər Avropa və dünya çempionatına aparılacaq".

Baş məşqçi bu il Avropa və dünya çempionatındakı hədəflərdən söz açıb:

"Ümid edirik ki, bu il Avropa və dünya çempionlarımız olacaq. Hər məşqçinin hədəfi odur. Bu il buna ümid edirik. Ötən il gözləntilərimiz çox idi. Avropa çempionatında üç qızıl medal qazandıq. Dünya çempionatında bu nəticəni təkrarlaya bilmədik, uşaqlarda alınmadı. Amma bu il məsuliyyətlə bunun üzərində işləmişik. Hər iki yarışda qızıl medalın olması üçün çalışacağıq".

Xatırladaq ki, Avropa Kuboku aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək.

Xəbər lenti