Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Beynəlxalq Audit Mərkəzi" MMC-dir.
Qalib şirkətə 1 032 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2 997 manat ödənilib.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.