IMG-LOGO

WUF13 çərçivəsində keçiriləcək "Urban Expo" sərgisinə qeydiyyat müddəti uzadılıb

01 Apr 2026 19:08 4 baxış
IMG

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq "Urban Expo" sərgisinə qeydiyyat müddəti uzadılıb.

"Report" bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.

Bildirilir ki, sərgiyə yüksək maraq olduğunu nəzərə alaraq müraciətlərin qəbulu üçün son tarix - aprelin 10-u müəyyən edilib.

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi bu sərgi, dayanıqlı şəhər inkişafı üzrə innovativ yanaşmaların geniş qlobal auditoriyaya çatdırılması üçün xüsusi əhəmiyyət kəsb edən bir platforma olacaq.

WUF13-ün əsas tədbir məkanı olan Bakı Olimpiya Stadionunda 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən iri ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təşkil olunacaq bu sərgi, adekvat mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet istiqamətlər ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas çağırışlara yönəlmiş praktik və innovativ həllərin təqdimatı nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq innovativ mənzil və şəhər həlləri üçün nəzərdə tutulmuş Startap Pavilyonu və master-klasslar və təcrübə mübadiləsi imkanları təqdim edən WUF Akademiyası kimi yeniliklər nümayiş olunacaq.

Qeyd edək ki, iştirak ərizələri onlayn şəkildə qəbul edilir. Qeydiyyat üçün "Urban Expo" səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür. Daha ətraflı məlumat üçün "Urban Expo" sərgisində iştirak üçün təlimat səhifəsinə keçid edə bilərsiniz.

Xatırladaq ki, WUF13 17-22 may tarixlərində keçiriləcək.

Xəbər lenti