Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Böyük Britaniyanın müdafiə naziri Con Hili Dohada keçirilən görüş zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Qətər Əmirinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Yaxın Şərqdə gərginliyin artmasına və onun mümkün nəticələrinə xüsusi diqqət yetirərək, aktual regional və beynəlxalq hadisələri müzakirə ediblər.
Qətər və Böyük Britaniya arasında əməkdaşlığın, əsasən də müdafiə sahəsində genişləndirilməsi perspektivlərinə xüsusi diqqət ayrılıb. Regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə gələcək qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.