Qarabağda bərpa işlərinin miqyası, eləcə də yeni yolların və binaların keyfiyyəti regionun sürətli dirçəlişini aydın şəkildə nümayiş etdirir.
Bu barədə "Report"a beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində azad edilmiş əraziləri ziyarət edən Hindistandan olan səyyah Benni Prasad bildirib.
Səyyahın sözlərinə görə, bu, onun Qarabağa ikinci səfərdir və bu müddət ərzində baş verən dəyişikliklər böyük təəssürat yaradır: "Əvvəlki gəlişimdən bəri burada heyrətamiz dəyişikliklər baş verib. Yollar, binalar, ümumi atmosfer və şəhərin yenidən canlanması – bütün bunlar sadəcə heyranlıq doğurur".
Dünyanın bütün ölkələrinə səyahət etmək sürətinə görə dünya rekordu sahibi olan Benni Prasad qeyd edib ki, hansısa bir yeri xüsusi qeyd etmək onun üçün çətindir: "Marşrutun hər nöqtəsi özünəməxsus şəkildə unikaldır. Həm Ağdam, həm də Şuşa çox gözəldir, hər birinin özünəməxsus koloriti var".
Səyyah Azərbaycana yenidən qayıtmaq istədiyini bildirib. "Buranın insanları möhtəşəmdir. Mən çox istərdim ki, həyat yoldaşımla birlikdə buraya qayıdım və daha çox vaxt keçirim. Bu, dünyada daha uzun müddət qalmaq istədiyin yerlərdən biridir", - o deyib.