İsrail Müdafiə Qüvvələri (İMQ) İranın paytaxtının mərkəzi hissəsinə yönəlmiş böyük hücumlar seriyasının başa çatdığını açıqlayıb.
Bu barədə "Report" ordunun mətbuat xidmətinə istinadən xəbər verir.
"Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Tehranın tən mərkəzində yerləşən İranın infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr seriyasını başa çatdırıb", - rəsmi bəyanatda bildirilib.
Daha əvvəl "Jamaran" agentliyi konkret hansı obyektlərin zərbələrə məruz qaldığını dəqiqləşdirmədən İran paytaxtında partlayışlar barədə məlumat vermişdi.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.