Meksika hakimiyyəti Meksika körfəzi akvatoriyasının neft məhsulları ilə çirklənməsindən sonra 430 ton karbohidrogen toplayıb və 223 km sahil zolağını təmizləyib.
"Report" xəbər verir ki, bu barədə hərbi dəniz donanması naziri Raymundo Pedro Morales Anxeles sosial şəbəkələrdə yayımlanan mətbuat konfransı zamanı bildirib.
"Hazırda biz bildirə bilərik ki, turistlər arasında ən çox populyar olan bütün çimərliklər təmiz vəziyyətə gətirilib. Vətəndaşlar heç bir narahatlıq olmadan bu çimərlik zonalarına baş çəkə bilərlər", - qurum rəhbəri bildirib.
Nazirin sözlərinə görə, sahil ərazilərinin çirklənməsinə iki amil səbəb olub: gəmidən neft məhsullarının qanunsuz axıdılması və neftin sualtı təbii yollarla səthə çıxması. Birinci mənbə Koatsakoalkos limanı yaxınlığında lövbər salmış ticarət gəmisi olub. Meksika Hərbi Dəniz Qüvvələri beynəlxalq tərəfdaşların iştirakı ilə hazırda qanunsuz axıntının səbəbkarını müəyyən etmək məqsədilə 13 gəmini yoxlayır. Çirklənmənin ikinci mənbəyi Koatsakoalkosdan 5 mil aralıda, eləcə də Kantarel neft yatağı zonasında sahildən 60 mil məsafədə dəniz dibindən karbohidrogenlərin təbii çıxışları olub.
Morales Anxeles qeyd edib ki, məhz Kantarel rayonundakı sualtı mənbələr əvvəlki kimi aktivlik nümayiş etdirir və mövcud qiymətləndirmələrə görə, çirkləndirici maddələrin əsas həcmini onlar xaric edib. Bu rayonda neftlə çirklənməni məhdudlaşdırmaq üçün "Pemex" dövlət neft-qaz korporasiyası ilə birlikdə qoruyucu baryerlərin quraşdırılması həyata keçirilir, sualtı pilotsuz aparatlar və dalğıc qrupları isə neft hasilatı platformalarını mümkün struktur zədələri baxımından yoxlayır.
Meksika körfəzində fövqəladə hala reaksiya üzrə ümummilli plan neft çirklənmələrinin aşkar edilməsi barədə ilk məlumatların daxil olmasından sonra - martın 2-də işə salınıb. Hazırda əməliyyata 2,2 mindən çox mütəxəssis, eləcə də aviasiya texnikası və gəmilər cəlb olunub. Məsul orqanlar neftin çimərlik ərazilərinə təkrarən düşməsinin qarşısını almaq məqsədilə 600 km sahil boyu müşahidəni davam etdirirlər.