ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə zərbələrin daha 10 gün müddətinə dayandırılması barədə göstəriş verdiyini bəyan edib.
"Report" xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran hökumətinin xahişi ilə [İranın] enerji obyektlərinin məhv edilməsi mərhələsini 10 gün müddətinə – bazar ertəsi, 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-a (Bakı vaxtı ilə 7 aprel saat 04:00 – red.) qədər dayandırıram. Danışıqlar davam edir və yalançı media və digərləri tərəfindən iddia edilən fikirlərə baxmayaraq, onlar çox yaxşı gedir", - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti martın 23-də hərbçilərə İranın enerji infrastrukturuna zərbələri beş gün müddətinə təxirə salmağı tapşırdığını bildirmişdi. Hələ o vaxt Ağ Ev rəhbəri Vaşinqton və Tehranın hərbi əməliyyatların dayandırılması ilə bağlı "çox yaxşı və məhsuldar danışıqlar" apardığını bəyan etmişdi.
Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.