İsrail ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün Livanın cənubunda bufer zonası yaradır.
"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu danışıb.
O bildirib ki, İsrailin yaratdığı təhlükəsizlik zona "Hizbullah" üzvlərinin şimal sərhəddən Qalileyaya mümkün nüfuz etməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
"Biz bu təhlükəsizlik buferini yaşayış məntəqələrimizdən tank əleyhinə raketlərin təhlükəsinin qarşısını almaq üçün genişləndiririk. Biz sadəcə daha geniş bufer zonası yaradırıq".
Baş nazir həmçinin bildirib ki, "Hizbullah"ın hərbi qanadı İsrail ərazisinə hücum hazırlayır, lakin ordu bu təhdidləri zərərsizləşdirə bilib.
Netanyahu həmçinin qeyd edib ki, "Hizbullah"ın raket arsenalının İsrail üçün ciddi təhlükə yaradır. O, bu təhdidin əhəmiyyətli bir hissəsinin artıq aradan qaldırıldığını, lakin əməliyyatın hələ başa çatmadığını bildirib.
""Hizbullah"a qarşı hərəkətlər İrana qarşı daha geniş kampaniyanın bir hissəsidir. İsrail Livandakı vəziyyəti kökündən dəyişdirmək niyyətindədir".