Çin Yaxın Şərqdə gərginliyin azaldılmasına və münaqişə tərəfləri arasında sülh danışıqlarının başlanmasına yönəlmiş bütün addımları dəstəkləyir.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan bildirib.
Onun sözlərinə görə, diplomatiya Yaxın Şərq münaqişəsinin həllinin yeganə yoludur.
"Atəşkəs və hərbi əməliyyatların başa çatdırılması prioritet vəzifədir, dialoq və danışıqlar isə yeganə doğru yoldur", - Çin XİN-in rəsmi nümayəndəsi deiyb.
Lin qeyd edib ki, çərşənbə axşamı Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə söhbətində danışıqların tezliklə başlaması üçün bütün tərəflərin sülh üçün hər cür imkandan istifadə etməli olduğunu vurğulayıb.
"Biz vəziyyətin yumşalmasına və dialoqun bərpasına kömək edən istənilən səyləri dəstəkləyirik", - o, ABŞ və İran arasında danışıqlarda Pakistanın vasitəçi rolu barədə sualı cavablandırarkən əlavə edib.
"Axios" nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, daha əvvəl ABŞ-nin martın 26-sı, cümə axşamı İranla danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilirdi, lakin İran hakimiyyəti hələlik bu təklifə reaksiya verməyib. Həmçinin bildirilib ki, ABŞ İrana hərbi əməliyyatların dayandırılması ilə bağlı 15 bənddən ibarət təklif göndərib, lakin hələ ki cavab almayıb.