Səyahət mövsümündə turistlər tez-tez dələduzların hədəfinə çevrilir. Mütəxəssislər bildirirlər ki, fırıldaqçılar turistlərin yorğunluğundan, diqqətsizliyindən və etibarından istifadə edərək hər il daha mürəkkəb üsullar tətbiq edirlər.
Lent.az xəbər verir ki, xarici turizm ekspertləri 2026-cı ildə turistlər üçün ən çox rast gəlinən 10 dələduzluq növünü müəyyən ediblər.
Mütəxəssislərin sözlərinə görə, əsas prinsip dəyişməz qalır: cinayətkarlar turistlərin diqqətinin yayındığını və tez qərar verdiyini nəzərə alaraq hərəkət edirlər. Lakin indi dələduzluq üsulları daha müasir texnologiyalar vasitəsilə həyata keçirilir. Bu sxemlərə QR kodlar, uçuş gecikməsi barədə saxta bildirişlər, açıq Wi-Fi şəbəkələri, taksi tətbiqləri və hətta ictimai USB şarj portları daxildir.
2026-cı ildə turistlər üçün ən yayılmış dələduzluq üsulları
Qrup şəklində fəaliyyət göstərən cibgirlər
Barselona və Roma kimi məşhur Avropa şəhərlərində cibgirlər hələ də təşkilatlanmış şəkildə fəaliyyət göstərir. Onlardan biri diqqəti yayındırır, digəri vəziyyətə qarışır, üçüncüsü isə turistin çantasından və ya cibindən əşyaları oğurlayır. Ən çox oğurlanan əşyalar isə smartfonlardır.
Saxta taksi sürücüləri
Aeroportlar və gecə həyatı ilə məşhur ərazilər taksi dələduzluğu üçün ideal yerlər sayılır. Saxta sürücülər saxta loqolardan istifadə edə, marşrutu qəsdən uzada və ya yüksək məbləğdə nağd ödəniş tələb edə bilərlər. Mütəxəssislər səfəri yalnız rəsmi tətbiqlər vasitəsilə sifariş etməyi və avtomobil nömrəsini yoxlamağı tövsiyə edirlər.
Süni intellektlə hazırlanan fişinq məktubları
Uçuş gecikməsi, bron təsdiqi və ya aviaşirkət mesajı kimi görünən məktublar bəzən saxta olur. Süni intellekt texnologiyaları dələduzlara şirkət loqolarını və rezervasiya məlumatlarını demək olar ki, tam eyni şəkildə kopyalamağa imkan verir. Mütəxəssislər hər hansı linkə daxil olmadan əvvəl məlumatı rəsmi tətbiq və ya saytda yoxlamağı məsləhət görürlər.
Saxta turlar və biletlər
Eksklüziv tur və ya ucuz bilet təklifləri çox vaxt fırıldaq ola bilər. Bəzi hallarda bilet etibarsız olur, bələdçi gəlmir və ya sayt birdən yoxa çıxır. Ekspertlər ekskursiyaları yalnız rəsmi və etibarlı platformalar vasitəsilə bron etməyi tövsiyə edirlər.
Saxta QR kodlar
QR kodlar restoran menyularında, biletlərdə və göstəricilərdə geniş istifadə olunur. Lakin dələduzlar saxta kodlar yaradaraq istifadəçiləri fişinq saytlarına yönləndirə bilirlər. Buna görə yalnız rəsmi mənbələrdən təqdim olunan QR kodları skan etmək tövsiyə olunur.
Pul mübadiləsi ilə bağlı fırıldaq
Bəzən “kömək etmək istəyən” yerli sakin turistə pul dəyişməyi təklif edir. Nəticədə turist ya daha az pul alır, ya da əlverişsiz məzənnə ilə dəyişdirilir. Mütəxəssislər yalnız banklardan və rəsmi valyuta dəyişmə məntəqələrindən istifadə etməyi məsləhət görürlər.
Qısa müddətli kirayə ev fırıldaqları
Tətil mövsümündə saxta kirayə elanları artır. Dələduzlar real mənzillərin şəkillərini istifadə edir, aşağı qiymət təklif edir və ödənişi platformadan kənar tələb edirlər. Bu cür hallarda rəsmi platformalarda yerləşdirilən və rəyləri olan elanlara üstünlük verilməlidir.
Yol rüsumu ilə bağlı saxta SMS-lər
Xaricdə avtomobil icarəyə götürən turistlər bəzən yol rüsumu borcu barədə SMS alırlar. Bu mesajlar turistləri dərhal ödəniş etməyə məcbur etmək üçün göndərilən dələduzluq cəhdləri ola bilər.
Uçuş kompensasiyası ilə bağlı fırıldaq
Bəzi saxta mesaj və zənglər aviaşirkət adından göndərilərək kompensasiya təklif edir və ödəniş tələb edir. Mütəxəssislər bildirirlər ki, real aviaşirkətlər heç vaxt naməlum linklər vasitəsilə ödəniş tələb etmir.
İctimai USB və Wi-Fi təhlükəsi
Aeroportlarda və ictimai yerlərdə yerləşən USB şarj portları və açıq Wi-Fi şəbəkələri bəzən zərərli proqramların yayılması üçün istifadə edilir. Bu vasitələrlə telefondakı məlumatlar oğurlana bilər. Təhlükəsizlik üçün divar rozetkalarından və ya portativ enerji qurğularından istifadə etmək tövsiyə olunur.
Mütəxəssislər turistlərə səyahət zamanı diqqətli olmağı, yalnız rəsmi platformalardan istifadə etməyi və şübhəli təkliflərə ehtiyatla yanaşmağı tövsiyə edirlər. Bu sadə qaydalar həm maliyyə itkisinin, həm də şəxsi məlumatların oğurlanmasının qarşısını ala bilər.
turizm səyahət fırıldaq