IMG-LOGO

Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur

18 Mar 2026 19:59 3 baxış
IMG
0 0

Bir çox istifadəçi illərlə routeri aldığı qaydada istifadə edir və yalnız Wi-Fi şəbəkəsinin adını dəyişməklə kifayətlənir. Halbuki internetin təhlükəsizliyi baxımından router ən vacib cihazlardan biridir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əgər şəxs Wi-Fi şəbəkəsinə giriş əldə edərsə, artıq ayrıca telefon və ya kompüterləri sındırmağa ehtiyac qalmır.

Haker internet trafikinizi izləyə, istifadəçiləri saxta saytlara yönləndirə və ya şəbəkəyə qoşulmuş digər cihazlara, müşahidə kameralarına, televizorlara, ağıllı səs ucaldıcılara və printerlərə daxil ola bilər.

Əksər istifadəçilər routeri uzun müddət zavod parametrləri ilə işlətməyə davam edir. Lakin təhlükəsizlik səviyyəsini artırmaq üçün cəmi 5–10 dəqiqə kifayətdir və bunun üçün xüsusi texniki biliklər də tələb olunmur. Bu barədə Profit.ro yazır.

Ev Wi-Fi şəbəkəsini qorumağın 5 sadə yolu

İlk növbədə routerin idarəetmə panelinə giriş üçün olan parolu dəyişmək lazımdır. Bir çox istifadəçi istehsalçı tərəfindən qoyulan standart parolu saxlayır. Əgər kənar şəxs şəbəkəyə daxil olsa, həmin parol vasitəsilə routeri tam idarə edə bilər. Buna görə də uzun və unikal parol təyin etmək, imkan varsa istifadəçi adını da dəyişmək tövsiyə olunur.

Növbəti addım Wi-Fi şifrələməsini düzgün seçməkdir. Router WPA3 standartını dəstəkləyirsə, ən yaxşı seçim məhz bu olacaq. Əgər belə imkan yoxdursa, WPA2-AES istifadə etmək məsləhətdir. Köhnə WEP və ya ilkin WPA protokolları isə artıq təhlükəsiz hesab edilmir.

Ekspertlər router ayarlarında WPS (Wi-Fi Protected Setup) funksiyasını da söndürməyi tövsiyə edir. Bu funksiya əvvəllər cihazları tez qoşmaq üçün yaradılmışdı, lakin sonradan onun təhlükəsizlik baxımından zəif nöqtə olduğu məlum olub. Aktiv olduqda hakerlərin şəbəkəyə giriş cəhdləri daha asanlaşır.

Router proqram təminatını mütəmadi yeniləmək də vacibdir. Çünki bir çox kibertəhlükə köhnə proqram versiyalarındakı boşluqlardan istifadə edir. İstehsalçılar bu boşluqları yeniləmələr vasitəsilə aradan qaldırırlar.

Bundan əlavə, qonaqlar və “ağıllı ev” cihazları üçün ayrıca Wi-Fi şəbəkəsi yaratmaq məsləhət görülür. Məsələn, ucuz kameralar və ya televizorlar bəzən zəif təhlükəsizlik sisteminə malik olur. Əgər onlar iş üçün istifadə olunan noutbukla eyni şəbəkədədirsə, haker həmin cihazları giriş nöqtəsi kimi istifadə edə bilər. Ayrı şəbəkə yaratmaq bu riskləri xeyli azaldır.

Wi-Fi-nin sındırıldığını necə anlamaq olar?

Mütəxəssislər vaxtaşırı routerə qoşulmuş cihazların siyahısını yoxlamağı tövsiyə edirlər. Əgər tanımadığınız cihaz və ya MAC ünvanı görsəniz, dərhal aşağıdakı addımları atmaq lazımdır:

Wi-Fi parolunu dəyişmək

Router administrator parolunu yeniləmək

Routeri yenidən başladmaq

DNS ayarlarını yoxlamaq

DNS ayarlarının dəyişdirilməsi çox vaxt istifadəçiləri saxta saytlara yönləndirmək üçün istifadə olunur. Məsələn, bu üsulla internet-bankların saxta səhifələri göstərilə bilər.

Routerin sındırılmasının digər əlamətləri isə bunlar ola bilər: saytların gözlənilməz şəkildə başqa səhifələrə yönləndirilməsi, müxtəlif cihazlarda həddindən artıq reklamların görünməsi, brauzerin təhlükəsizlik sertifikatları barədə xəbərdarlıqları və saytların qeyri-sabit yüklənməsi.

Əgər bu problemlər eyni anda bir neçə cihazda müşahidə olunursa, səbəb çox güman ki, routerdədir.

Bəzi hallarda ən təhlükəsiz yol routeri zavod ayarlarına qaytarmaq, sonra isə şəbəkəni yenidən quraraq bütün yeniləmələri quraşdırmaqdır.

Mütəxəssislər həmçinin internet provayderinin şəxsi kabinetini də güclü parolla qorumağı məsləhət görürlər. Çünki bəzi routerlərin ayarlarını məhz həmin onlayn hesab vasitəsilə dəyişmək mümkündür və zəif parol bütün təhlükəsizlik tədbirlərini mənasız edə bilər.

texno

Xəbər lenti