Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) “Report”un sorğusuna cavab olaraq bildirib.
Məlumata görə, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.
Altı kvartaldan ibarət kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
Bizim Telegram kanalımıza abunə olun