IMG-LOGO

Maksat Mamıtkanov Bişkek və Bakı arasında tərəfdaşlığın prioritetləri: energetika, logistika və hava əlaqəsi – MÜSAHİBƏ

17 Mar 2026 13:47 5 baxış
IMG

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq 2025-ci ildə energetika, nəqliyyat və humanitar sahə daxil olmaqla bütün əsas istiqamətlər üzrə davamlı şəkildə inkişaf edib. Yaxın illər üçün prioritetlər sırasında siyasi dialoqun daha da möhkəmləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi, energetika sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı yer alır.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov "Report"a müsahibəsində ikitərəfli əməkdaşlığın perspektivləri, birgə iqtisadi layihələr, eləcə də hava əlaqəsinin inkişafına dair planlar barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- 2025-ci ildə Qırğızıstanla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əsas nəticələrini necə xarakterizə edərdiniz?

- 2025-ci ildə Qırğızıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə davamlı inkişaf edib. Siyasi dialoqun intensivliyi qorunub, ticari-iqtisadi əlaqələr genişlənib, mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət möhkəmlənib.

İqtisadi istiqamət xüsusi dinamika nümayiş etdirib. İqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (2025-ci ilin dekabrında baş tutub - red.) VI iclasının yekunları 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının praktiki icrasına keçidi təsdiqləyib. Tərəflər prioritet qaydada kənd təsərrüfatı və sənaye məhsullarının birbaşa tədarükünün inkişafına, eləcə də xammal emalı sahəsində kooperasiyanın dərinləşdirilməsinə diqqət yetiriblər.

Ötən ilin mühüm nəticələrindən biri də nizamnamə kapitalı 100 milyon ABŞ dollarına qədər artırılmış Azərbaycan-Qırğızıstan İnkişaf Fondu çərçivəsində layihələrin icrasına başlanması oldu. Beləliklə, 2025-ci ildə Azərbaycan-Qırğızıstan İnkişaf Fondu tərəfindən ümumi məbləği 17,8 milyon ABŞ dolları olan 6 layihənin maliyyələşdirilməsi haqqında qərarlar qəbul edilib.

Mədəni-humanitar sahədəki hadisələr sırasında 2025-ci ilin aprelində Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin uğurla keçirilməsini qeyd etmək lazımdır.

- 2026-cı il üçün Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın hansı prioritet istiqamətlərini görürsünüz?

- Cari ildə ali və yüksək səviyyədə təmaslar davam edəcək, liderlərimizin regional qarşılıqlı fəaliyyətin mühüm mexanizmlərinə çevrilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü və Türk Dövlətləri Təşkilatı kimi müxtəlif formatlarda iştirakı gözlənilir.

Eyni zamanda, investisiya layihələrinin həyata keçirilməsi, enerji, nəqliyyat və logistika daxil olmaqla iqtisadi sahəni ikitərəfli əməkdaşlığın əsas prioritet istiqaməti kimi nəzərdən keçirirəm.

Hazırda tərəflərin imkanları, potensialı nəzərə alınmaqla investisiya və digər iqtisadi layihələrin həyata keçirilməsinə diqqət yetirilir. Energetika sahəsində əməkdaşlıq, həmçinin "yaşıl keçid" və enerji dəhlizləri məsələlərində qarşılıqlı fəaliyyət perspektivlidir. Əsas diqqət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu sahədə fəaliyyət göstərən Qırğızıstan şirkətləri ilə tərəfdaşlığının genişləndirilməsinə yönəldilir. Burada hidroenergetika, enerji balansının şaxələndirilməsi, yeni bazarlara (Avropa - red.) çıxış, texnoloji innovasiyaların mübadiləsi sahələrində təcrübə mübadiləsi vacibdir.

Nəqliyyat-logistika sahəsində "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun inşası nəzərə alınmaqla, Orta Dəhlizin potensialının tam şəkildə reallaşdırılmasına, o cümlədən bu nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasına yönəlmiş səylər aktualdır. Beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyaya, Mərkəzi Asiya və Qafqaz arasında yük axınları üçün multimodal marşrutların inkişafına xüsusi əhəmiyyət verərək, gəmiqayırma və yüklərin bərə daşımaları sahəsində birgə potensialın reallaşdırılması prioritet vəzifələrdən biri kimi görünür.

Bununla yanaşı, yüksək rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi imkanı da perspektivli istiqamət ola bilər.

- Azərbaycan və Qırğızıstan arasında ikitərəfli ticarətin genişləndirilməsi üçün hansı işlər görülür?

- Azərbaycan və Qırğızıstan arasında ikitərəfli ticarətin genişləndirilməsi üçün inzibati maneələrin aradan qaldırılmasına, əmtəə strukturunun şaxələndirilməsinə və uzunmüddətli əməkdaşlıq üçün şəraitin yaradılmasına yönəlmiş çoxşaxəli işlər aparılır.

Yükdaşımalar üzrə icazələrin elektron mübadiləsi üçün rəqəmsal "e-Permit" sisteminin tətbiqi, eləcə də iriqabaritli yüklər üçün xüsusi icazələrin elektron qaydada verilməsinin təmin edilməsi hesabına ticarət prosedurlarının sadələşdirilməsi üzrə planlı işlər görülür.

Eyni zamanda, biznes üçün zəruri institutların yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə 2025-ci ilin dekabrında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında hazırda formalaşdırılma mərhələsində olan Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında memorandum imzalanıb. İlkin planlar sırasında əsas məqsədi qarşılıqlı birbaşa tədarüklərin təmin edilməsi, ət emalı və bitkiçilik sahələrində birgə layihələrin həyata keçirilməsi üçün ilk növbədə kənd təsərrüfatı və emal sənayesində sahəvi kooperasiyanın inkişaf etdirilməsindən ibarət olacaq biznes-forumun keçirilməsi yer alır.

- Qırğızıstan 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyi planlaşdırırmı və əgər iştirak edəcəksə, nümayəndə heyəti hansı səviyyədə təmsil olunacaq?

- Qırğızıstan Azərbaycanda təşkil olunan iri beynəlxalq platformalardakı birgə işə böyük əhəmiyyət verir. 2024-cü ilin noyabrında Bakıda uğurla keçirilmiş COP29 qlobal iqlim forumu bu cür genişmiqyaslı tədbirlərin yüksək səmərəliliyini və nəticəyönümlülüyünü sübut edib.

2026-cı ilin mayında Bakı BMT-nin himayəsi altında keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Qırğızıstan tərəfi bu qlobal forumda iştirak edəcək. Nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi məsələsi hazırda müzakirə mərhələsindədir.

- Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyətini necə qiymətləndirirsiniz? Fondun xətti ilə artıq hansı layihələr maliyyələşdirilib və 2026-cı ildə hansı istiqamətlər prioritetdir?

- Azərbaycan-Qırğızıstan İnkişaf Fondu artıq təcrübədə öz səmərəliliyini sübut etmiş uğurlu və dinamik inkişaf edən institut kimi qiymətləndirilir.

Artıq qeyd etdiyim kimi, 2025-ci ildə Fond tərəfindən ümumi məbləği 17,8 milyon ABŞ dolları olan 6 layihənin maliyyələşdirilməsi barədə qərarlar qəbul edilib. İssık-Kul və Oş vilayətlərində iki kiçik su-elektrik stansiyasının (SES) tikintisi, "Mənim evim 2021-2026" dövlət mənzil proqramı çərçivəsində sosial evlərin inşası, Oş şəhərində müasir tibbi kardiomərkəzin tikintisi, "Bişkek" Azad İqtisadi Zonası ərazisində döşəmə örtüyü (kovrolin) istehsalının işə salınması, Çuy vilayətində müasir tikiş fabrikinin inşası kimi layihələrin maliyyələşdirilməsi həyata keçirilir.

2026-cı ildə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Qırğızıstan iqtisadiyyatının prioritet sektorlarında layihələrin həyata keçirilməsini davam etdirəcəyi gözlənilir. Bunlar Fondun yarandığı gündən bəri əsas sahələr kimi müəyyən edilib və artıq inkişaf etdirilib. Buraya energetika, istehsal və sənaye, xüsusən də yüngül sənaye, infrastruktur və tikinti, aqrosənaye kompleksi, turizm və İT sahəsi daxildir.

- Qırğızıstan artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki humanitar və bərpa layihələrində iştirak edir. Bişkek bu istiqamətdə yeni təşəbbüslər planlaşdırırmı?

- Qırğızıstan Qarabağ regionunun bərpasında Azərbaycana qardaşlıq dəstəyi olaraq Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisini həyata keçirib. Məktəbin açılışı isə 2025-ci ilin iyulunda iki ölkə liderlərinin iştirakı ilə baş tutub. Qırğızıstan tərəfi gələcəkdə də Qarabağdakı humanitar və bərpa işlərində iştirak etməyə hazırdır. Bunun nə vaxt və hansı formada baş verəcəyi məsələsi isə hələ ki, açıqdır.

- Qırğızıstan bu yaxınlarda "Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulmaq niyyətində olduğunu bəyan edib. Bu məsələnin praktik şəkildə həyata keçirilməsini nə vaxt gözləmək olar?

- Qırğızıstan "Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsini Mərkəzi Asiya və Qafqaz ölkələri arasında təcrübə və texnologiya mübadiləsi üçün perspektivli əməkdaşlıq istiqaməti kimi nəzərdən keçirir. Layihənin özü hazırda reallaşdırılmanın ilkin mərhələsindədir. Bununla əlaqədar Qırğızıstan tərəfi əvvəlcə niyyətlərini müvafiq sənədin rəsmiləşdirilməsi yolu ilə hüquqi baxımdan təsbit etmək üçün zəruri işlər aparmalıdır. Bundan sonra Qırğızıstan Azərbaycan, Qazaxıstan və Özbəkistanla yanaşı layihənin tamhüquqlu iştirakçısına çevriləcək.

- Qırğızıstanın SOCAR ilə əməkdaşlığının dərinləşdirilməsinə, o cümlədən neft məhsullarının tədarükü və ya birgə layihələrə dair artıq konkret razılaşmalar və ya təşəbbüslər varmı?

- Qırğızıstanla Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın keçirilmiş iclası zamanı SOCAR ilə Qırğızıstanın yanacaq-energetika bazarının müvafiq strukturları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsinə baxılıb. Daha əvvəl ölkə başçıları Azərbaycandan Qırğızıstana yanacaq-sürtkü materiallarının tədarükü üzrə onların sıx qarşılıqlı fəaliyyətinə artıq start veriblər. Hazırda energetika sahəsindəki qarşılıqlı fəaliyyət kəşfiyyat, hasilat, emal və məhsulun satışı üzrə perspektivli birgə layihələrə doğru inkişafın yeni mərhələsinə qədəm qoyur.

- Qırğızıstan və Azərbaycan regionları arasında birbaşa hava əlaqəsinin genişləndirilməsi müzakirə olunurmu və bu istiqamətdə hansı addımlar atılır?

- Ölkələrimiz arasında hava əlaqəsinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu iş planlı və daimi şəkildə həyata keçirilir. Belə ki, uçuşların tezliyi 2024-cü ildəki həftədə bir dəfədən 2025-ci ildə həftədə üç reysə qədər artıb. 2026-cı ildə ölkələrimiz arasında turist axınının artması ilə bağlı gözləntilər var ki, bunun nəticəsində Bakıdan Bişkekə, perspektivdə isə Oş şəhərinə və Mərkəzi Asiyanın incisi olan İssık-Kul gölünə uçuşların genişləndirilməsini gözləmək olar.

- İssık-Kulun sahilində Azərbaycan tərəfindən müasir beşulduzlu hotelin inşası davam edir. Layihənin həyata keçirilməsi hansı mərhələdədir və onun nə vaxt açılması planlaşdırılır?

- İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisi yekunlaşma mərhələsindədir. Hotelin bu ilin yayında istifadəyə verilməsi gözlənilir. Bu müasir turizm obyektinin açılışı Azərbaycandan Qırğızıstana turistik səfərlərin artmasına və qarşılıqlı səfərlərin coğrafiyasının genişlənməsinə şərait yaradacaq. Bu baxımdan biz Bakıdan birbaşa İssık-Kula, Tamçı hava limanına mövsümi birbaşa reyslərin təşkili üzrə hazırlıq işləri aparmağa başlamışıq. Perspektivdə dağ-xizək mövsümünün başlaması ilə bu aviareysləri İssık-Kuldakı qış turizm paytaxtı olan Karakol şəhərinə yönəltmək mümkün olacaq.

- 2025-ci ilin dekabrında Qırğızıstanın rabitə, ətraf mühitin monitorinqi, kənd təsərrüfatı və fövqəladə halların qarşısının alınması üçün Azərbaycanın peyk imkanlarından istifadədə maraqlı olduğu bəyan edilmişdi. Hazırda bu istiqamət üzrə məsləhətləşmələr hansı mərhələdədir? Qırğızıstan Azərbaycanla peyk xidmətləri sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdən keçirirmi?

- Qırğızıstan hökumətinin nümayəndə heyəti 2025-ci ilin dekabrında Azərbaycanın aerokosmik proqramının bilavasitə icraçıları ilə birbaşa əlaqələr qurmaq məqsədilə "Azərkosmos"un mənzil-qərargahına səfər edib. "Azərkosmos" öz imkanlarının genişləndirilmiş təqdimatını nümayiş etdirib və tanışlığın nəticələrinə əsasən Qırğızıstanda aerokosmik imkanlardan istifadə üzrə oxşar yüksək texnologiyalı və qabaqcıl infrastrukturun yaradılmasında mümkün köməkliyin göstərilməsi haqqında razılaşmalar əldə olunub.

Hazırda qarşılıqlı fəaliyyətin qurulması üzrə iş aparılır. Qırğızıstan tərəfi də bu sahədə Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır.

Xəbər lenti