Milli Məclis "Yerin təki haqqında" qanuna dəyişiklikləri qəbul edib.
"Report" xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında son oxunuşda müzakirə edilib.
Bildirilib ki, sənəd yerin təkindən istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihədəki ilk dəyişiklik su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsidir.
Vurğulanıb ki, ölkədəki su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Növbəti dəyişiklik Yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılmasıdır. Buraya yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar aiddir.
Qeyd edilib ki, yerin təki istifadəyə icazə əsasında "Yerin təki haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib.
Təklif olunan dəyişiklik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.
Sənəddə vurğulanıb ki, yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək.
Layihəyə əsasən, yer təki sahələrinin rekultivasiyasının məqsədi işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.
Sənəddə diqqətə çatdırılıb ki, ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyil. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək.
Bildirilib ki, dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.