IMG-LOGO

Sərdar Həsənov: "Ağırlıqqaldırma çempionatında möcüzə olmur"

17 Mar 2026 11:59 4 baxış
IMG

Ağırlıqqaldırma çempionatında möcüzə olmur.

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət ağırlıqqaldırma millisinin baş məşqçisi Sərdar Həsənov deyib.

O, iki gün əvvəl başa çatan ölkə çempionatı barədə fikirlərini bölüşüb:

"Ölkə çempionatı gözlədiyimiz kimi yüskək səviyyədə təşkil olunmuşdu. Bütün iştirakçıların çıxışını diqqətlə izlədik. Bu idman növündə möcüzə olmur. Konkret nəticə göstərib qalib olmalısan. Həm də şərt o deyil ki, qızıl medal qazanasan. İdmançının qaldırdığı çəki önəmlidir. İdmançının hazırlığı və göstərdiyi nəticə beynəlxalq yarışlarda uğur qazanmağa ümid verirsə, onu mütləq yığmaya cəlb edirik. Ümidverici gənclər var, sadəcə daha çox işləmək lazımdır. Qarşıda bizi Avropa çempionatı gözləyir və indiki halda bu yarışa hazırlaşırıq. Ümumilikdə isə bu il Olimpiya təsnifat yarışları başlayacaq deyə, hazırlığı ona uyğun qurmuşuq. Ağır çəkilərdə həmişə rəqabət az olduğundan, seçim imkanımız çox deyil. Amma orta çəkilərdə gərgin mübarizə gedir".

Baş məşqçi Azərbaycan çempionatında əsas məqsədin idman prinsiplərinin qorumaq olduğunu bildirib:

"Əsas məqsədimiz təmiz idman prinsiplərini qorumaqdır. Vaxtilə bu idman növü dopinq qalmaqalları səbəbindən çox geri düşdü. Biz idmançıları belə şeylərdən uzaq tutmaga çalışırıq. Federasiya rəhbərliyi bu məsələdə çox həssasdır, nəzarət həddən artıq ciddidir".

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilib.

Xəbər lenti