IMG-LOGO

Səfir: Monqolustan və Azərbaycan arasında bir neçə sənəd imzalanacaq - MÜSAHİBƏ

17 Mar 2026 10:44 5 baxış
IMG

Monqolustanın Ankarada iqamət edən, Azərbaycana akkreditə olunmuş qeyri-rezident səfiri Qombosuren Munxbayar səlahiyyət müddətinin başa çatması münasibətilə Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirib. Səfir "Report"un Türkiyə bürosuna müsahibəsində Monqolustan-Azərbaycan münasibətləri, ölkələr arasında əməkdaşlıq və s. məsələlər haqqında danışıb:

- Monqolustanın Azərbaycandakı səfiri kimi missiyanız başa çatır. Geriyə baxanda aydın olur ki, son dörd ildə iki ölkə arasında münasibətlərin inkişafında bir sıra uğurlar qazanılıb. Bu nailiyyətlərdə səfir kimi rolunuzu necə qiymətləndirirsiniz?

- Son dörd ildə Monqolustan və Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad güclənib və birgə səylərimiz nəticəsində real praktik nəticələr əldə edilib. Xüsusilə, nəqliyyat sektorunda tərəflər beynəlxalq avtomobil daşımaları üçün icazələrin mübadiləsinə başladı, bu da logistika və ticarətin inkişafı üçün əlavə imkanlar açdı.

Kənd təsərrüfatı sektorunda isə Monqolustanın heyvandarlıq məhsullarının Azərbaycana tədarükü başladı, bu da iqtisadi əməkdaşlığın genişlənməsinin bariz nümunəsidir.

Əhəmiyyətli hadisələrdən biri də Monqolustan prezidentinin 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 İqlim Fəaliyyəti Zirvə Görüşündə iştirakı oldu. Zirvə görüşü zamanı prezidentlər arasında ikitərəfli görüş keçirildi və bu, münasibətlərimizin inkişafına daha da təkan verdi.

Bundan əlavə, ötən ilin fevral ayında Ulan-Bator şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında Siyasi Məsləhətləşmələrin ikinci iclası uğurla keçirildi. Sözügedən iclas bu formatda ilk üzbəüz görüş idi və böyük əhəmiyyət kəsb edirdi.

Ümumilikdə, inanıram ki, son dörd ildə Monqolustan-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsi üçün möhkəm təməl qoymağa nail olmuşuq.

Yeri gəlmişkən, bu il Monqolustan da Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərdə, xüsusilə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyi planlaşdırır, ölkəsini layiqincə təmsil edərək ikitərəfli əlaqələrin gücləndirilməsini davam etdirəcək.

Həmçinin, qeyd etmək istərdim ki, ölkələrimiz həmişə bir-birinə dəstək göstərib, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edib. Əminəm ki, bu qarşılıqlı fəaliyyət həm regional, həm də beynəlxalq səviyyədə yalnız daha da güclənəcək və dərinləşəcək.

- Bakıya son səfəriniz zamanı hansı məsələləri müzakirə etdiniz?

- Bakıya işgüzar səfərim Monqolustan-Azərbaycan münasibətlərini, əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək məqsədi daşıyırdı. Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyində, eləcə də digər müvafiq qurumların nümayəndələri ilə görüşlər keçirdim. İkitərəfli əməkdaşlığın cari məsələləri ilə bağlı fikir mübadiləsi apardıq, 2025-ci il üçün əməkdaşlığın nəticələrini ümumiləşdirib onları müvafiq olaraq qiymətləndirdik və 2026-cı il üçün birgə işin perspektivli sahələrini müzakirə etdik. Siyasi, ticarət və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi. Bütün görüşlər ənənəvi dostluq və konstruktiv atmosferdə keçirildi.

- Ölkələrimiz arasında əməkdaşlıq hansı sahələrdə daha aktualdır?

- Monqolustan dinc, açıq, çoxvektorlu və müstəqil xarici siyasətinin bir hissəsi kimi Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir və bütün sahələrdə əməkdaşlığı genişləndirməyə ardıcıl olaraq çalışır. Bu gün ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir: bunlar dostluq münasibətləridir və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Lakin bizim fikrimizcə, ticarət, iqtisadi və biznes əməkdaşlığı hələlik əldə edilmiş siyasi dialoq səviyyəsinə tam uyğun gəlmir. Bu baxımdan, Monqolustan iqtisadi, ticarət və investisiya əlaqələrinə daha praktik diqqət və məzmun verməkdə, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində və iki ölkənin biznes icmaları arasında birbaşa əlaqələrin intensivləşdirilməsində maraqlıdır.

- Monqolustan və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrində hər hansı bir irəliləyiş varmı?

- Əlbəttə var. Bu gün Monqolustan və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri ikitərəfli əməkdaşlığın inkişaf edən bir sahəsini təmsil edir. Monqolustan və Azərbaycan arasında ticarət dövriyyəsi sabit müsbət tendensiya nümayiş etdirir və hər il tədricən artır. Ticarət strukturu baxımından, Monqolustanın Azərbaycan bazarına ixracının əsas hissəsini ət və ət məhsulları təşkil edir. Bununla yanaşı, Azərbaycandan Monqolustana ixrac edilən məhsullar arasında meyvə və çərəzlər üstünlük təşkil edir.

Eyni zamanda, qarşılıqlı ticarət həcmi nisbətən aşağı olaraq qalır və ölkələrimizin iqtisadiyyatlarının potensialını tam əks etdirmir. Bununla yanaşı, hər iki tərəf ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

İşgüzar görüşlər müntəzəm olaraq keçirilir və sahibkarlar arasında birbaşa əlaqələr qurulur, genişləndirilir. Bu yaxınlarda Bakıya işgüzar səfərim zamanı Ticarət və Sənaye Palatasının sədri ilə görüşdüm, iki ölkənin ticarət və sənaye palataları arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq.

- Səfir olduğunuz müddətdə mədəniyyət, təhsil və idman sahələrində əməkdaşlığa dair hansısa sazişlər imzalanıbmı?

- Hazırda Monqolustan və Azərbaycan arasında hökumət səviyyəsində imzalanması nəzərdə tutulan bir neçə sənəd danışıqlar və razılaşdırma mərhələsindədir. Bütün zəruri məsləhətləşmələr və razılaşmalar başa çatdıqdan sonra biz bu sənədləri yüksək səviyyəli səfər çərçivəsində rəsmi şəkildə imzalamağı planlaşdırırıq. Bu da ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm addım olacaq.

- Monqolustanda yaşayan Azərbaycan vətəndaşları bildirirlər ki, pandemiyadan sonra ölkənizdə viza prosedurları çətinləşdirilib. Ölkələrimiz arasında vizaların qarşılıqlı ləğvi və birbaşa reyslərin təşkili ilə bağlı danışıqlar aparılırmı və bu istiqamətdə müsbət irəliləyişlər gözləmək olarmı?

- 2018-ci ildə Monqolustan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış razılaşmaya əsasən, hər iki ölkənin diplomatik və xidməti pasport sahibləri vizasız səyahət edə bilər və ölkələr arasında sərbəst hərəkət edə bilərlər. Adi pasport sahiblərinə isə vizalar müəyyən edilmiş qaydalar üzrə verilir.

Hazırda Monqolustana viza almaqda Azərbaycan vətəndaşları üçün heç bir problem yoxdur. Qeyd etmək istəyirəm ki, səfirlik vizalarla bağlı məsələlərdə həmişə açıqdır və vətəndaşlara zəruri dəstək və kömək göstərməyə hazırdır. Ölkələrimiz arasında birbaşa aviareyslərlə bağlı danışıqlar davam edir və ümid edirik ki, gələcəkdə bu istiqamətdə müsbət nəticələr əldə olunacaq.

- Bakıda neçə dəfə olmusunuz və Qarabağa səfər etdinizmi?

- İş fəaliyyətim dövründə Bakı şəhərinə altı dəfə səfər etmək imkanım olub. Hər səfər məndə səmimi və xoş təəssüratlar yaradıb. Xüsusilə, qeyd etmək istərdim ki, şəhərsalma səviyyəsi çox yüksəkdir: Bakı müasir memarlığı zəngin tarixi irslə harmonik şəkildə birləşdirir və bu baxımdan, onu regionun ən yaxşı planlaşdırılmış şəhərlərindən biri adlandırmaq olar. Hər dəfə buraya gəldikdə şəhərin gözəlliyinə və detallara göstərilən diqqətə yenidən heyran oluram. Azərbaycan xalqının qonaqpərvərliyini də vurğulamamaq olmaz - onların səmimi, dostcanlı münasibəti dərin və unudulmaz təəssürat yaradır.

Qarabağa gəlincə, təəssüf ki, hələlik şəxsi vəzifə öhdəliklərim səbəbindən o bölgəyə səfər etmək imkanım olmayıb. Bununla belə, səfirliyimizin diplomatları Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə, onlar Şuşa şəhərinə səfər edərək bərpa işlərinin gedişi ilə yerində tanış olmaq imkanı əldə ediblər. Əminəm ki, gələcəkdə mənim də şəxsən Qarabağa səfər etmək imkanım olacaq.

Xəbər lenti