Bu ilin yanvar-fevral ayında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 107 525 şəxs qəbul edilib və onlara 179 074 sayda xidmət göstərilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 56 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 5,8 min sayda yazılı müraciət cavablandırılıb, 6,6 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 1 310 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1 142 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 266,3 min SMS göndərilib.